Rusiya qran-prisində 1-ci sərbəst yürüşlər keçirilib

Bu il Soçi Avtodromunda heç bir ciddi yarış keçirilməyib. Allsport.az saytı xəbər verir ki, buna görə də ilk məşq sessiyasında tras tozlu olub. Komandalar da məşq proqramlarında bu amili nəzərə alıblar. Sürücülər ilk çıxışda həftəsonunun ən sərt tərkibi Soft təkərlərlə başlayıblar. Asfaltla ilişmə az olub, lakin dəqiqələr keçdikcə, təkər qırıntıları artıb. Pilotlar 2-ci və 14-cü dövrədə dəfələrlə yoldan çıxıblar və bu da həmin dövrələrdəki nəticələrin nəzərə alınması ilə nəticələnib.

F-1.az bildirir ki, yerli sürücü Sergey Sirotkin Niko Hülkenberqin əvəzinə “Renault” R.S.17-nin sükanı arxasına keçib. Digər komandalar isə əsas sürücüləri ilə işləyiblər. Lakin rus pilot üçün sessiya uğursuz olub – iki dövrə vurduqdan sonra mühərrikdəki problemə görə dayanmalı olan Sergeyə mühəndislər təlimatlar versələr də, vəziyyət dəyişməyib və o, kokpiti tərk etməli olub. Maşın boksa gətirilib və Sirotkin üçün sessiya başa çatıb.

“Haas” komandası yeni təchizatçının – Carbon İndustries-in hazırladığı əyləcləri burada da sınaqdan keçirib, lakin Roman Qrojan bu əyləclərdən də şikayələnib. Startdan 65 dəqiqə sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Esteban Okonun maşınının motor qapağı qopub. Fransız sürücü maşını boksa gətirərək mexaniklərə təslim edib, bir qədər sonra isə yenidən trasa qayıdıb.

Fettel 17-ci döngədə yerində fırlanıb, lakin maşın zədələnməyib. Sessiyanın sonuna yaxın isə Vandorn güc qurğusundakı problemə görə boksa qayıtmalı olub. Sürücülər sessiyanın ikinci hissəsində daha çox SuperSoft təkərlərlə işləyiblər. Kimi Rəykkönen protokolara başçılıq edib – 1:36.074. Ən böyük məsafəni isə Ləns Stroll qət edib: 30 dövrə.

Həmin kateqoriyadan