Səbail məktəbliləri arasında velosiped yarışı keçirildi

Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə, Veloparkda Səbail rayonunun orta məktəbləri arasında rayon çempionatı keçirilib. Allsport.az xəbər verir ki, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 14 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. Nəticələrə gəlincə, 1-ci yerə 134 saylı orta məktəbin komandası layiq görülüb. 91 və 236 saylı məktəblərin komandaları isə müvafiq olaraq 2-3-cü yerləri tutublar. Qalib komandalar medal, diplom və kubokla təltif edilib.

Yarış başa çatdıqdan sonra Səbail məktəbliləri və Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvlərinin iştirakı ilə Veloparkda ağacəkmə kampaniyası həyata keçirilib. Qeyd edək ki, ADA Universiteti, Azərbaycan Velosiped İdmanı Federasiyası və Coca-Cola şirkətinin birgə həyata keçirdikləri irimiqyaslı ekoloji aksiya çərçivəsində artıq Veloparkda 10 000-dən artıq ağac əkilib.

Həmin kateqoriyadan