Sem Smit Azərbaycan mükafat yarışı çərçivəsində konsert verəcək

Britaniyalı məşhur müğənni Sem Smit Azərbaycan qran-prisi çərçivəsində aprelin 27-də axşam “Büllur” sarayda konsert verəcək. Allsport.az saytı xəbər verir ki, 2012-ci ildə “Disclosure” qrupu ilə birgə ifa etdiyi “Latch” mahnısı ilə məşhurlaşan Sem Smitin daha sonra səhnə adı “Naughty Boy” olan britaniyalı musiqiçi ilə birgə çıxardığı “La La La” mahnısı ilk pillədə yer alıb.

2014-cü ilin əvvəlində “BRITS Critics’ Choice” mükafatına layiq görülüb. Elə həmin il “BBC” tərəfindən yeni və istedadlı musiqiçilərin aşkarlanması məqsədilə keçirilən sorğuda birinci yeri tutub. Karyerasına başladığı vaxtdan “Writing’s On The Wall” daxil olmaqla çıxardığı mahnılarla Birləşmiş Krallığın rəsmi hit-paradında 7 dəfə birinci olub.

“Writing’s On The Wall” mahnısı hit-paradda birinci yer tutan ilk “James Bond” musiqisi kimi Ginnes Rekordlar Kitabına daxil olub. Sem Smit ümumilikdə 4 “Qremmi”, 2 “BRIT” və “Ən yaxşı orijinal film musiqisi” nominasiyasında “Oskar” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb.

Qeyd edək ki, bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Bakı şəhər halqasından “Crystal Hall”a tamaşaçıların gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Həmin kateqoriyadan