Tour d’Azerbaïdjan-2015-də uğurlu çıxışlarımız davam edir

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2015” beynəlxalq veloyürüşündə 3-cü mərhələyə yekun vurulub. Allsport.az xəbər verir ki, iştirakçılar Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürərək Oğuz – Şəki – Oğuz – Qəbələ marşrutu üzrə hərəkət ediblər. Ümumi uzunluğu 177 km olan mərhələ Azərbaycanın “Synergy Baku” komandası üçün daha 2 fəxri kürsü ilə yadda qalıb.

Belə ki, komandamızın üzvü Aleksandr Surutkoviç dağ mərhələlərində daha uğurlu nəticə göstərərək ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyinə layiq görülüb. 4-cü mərhələyə bu köynəklə başlayacaq velosipedçimiz liderliyi qorumaq üçün çalışacağını deyib: “Dünənki mərhələdə 2 dağ sprintini qazansam da, bu liderliyə yüksəlmək üçün kifayət etmədi. Bugünkü taktikamız belə idi ki, mən mümkün qədər irəli atılım və dağ mərhələsinin qalibi olum. Sevinirəm ki, planımız baş tutdu. Əlimdən gələni edəcəyəm ki, qarşıdakı 2 mərhələdə üstünlüyümü saxlayım”.

3-cü mərhələnin qalibinə gəlincə, İrlandiyanın “An Post-Chain Reaction” komandasının üzvü Coşua Edmonson 177 km məsafəni 4 saat, 7 dəqiqə, 28 saniyəyə başa vurub və finiş xəttini 1-ci keçib. O, qələbəsinin sirrini belə izah edib: “Öndəki qrup çox qabaqda idi. “Adria-Mobil” liderliyi ələ almağa çalışırdı. Sonra gördüm ki, liderlər qrupu yorulub. Finişə 4 km qalmış irəli atıldım. Bu zaman da taktikam özünü doğrultdu. Bir az hərarətim var idi. Həkimlərə yaxın getməyim də bu səbəbdən idi. Onlardan dərman istədim. Bu gün hardasa bəxtim də gətirdi. Çünki hücumumu heç kim gözləmirdi. Bu səbəbdən də mərhələni uğurla bitirdim”.

Coşua Edmonsondan cəmi 1 saniyə geri qalan Sloveniyanın “Adria Mobil” komandasının üzvü, 1-ci mərhələnin qalibi Marko Kump və “Synergy Baku”nun velosipedçisi, 2-ci mərhələdə 2-ci olmuş Matey Müqerli müvafiq olaraq 2-3-cü yerləri bölüşüblər. Yeri gəlmişkən, Marko Kump sprinterlərin mübarizəsində önə keçməklə yaşıl rəngli “SOCAR” köynəyini ələ keçirib. Onu cüzi fərqlə “Synergy Baku”nun 2 üzvü – Maksim Averin və Matej Müqerli izləyir.

3 mərhələdən sonra Sloveniyanın “Adria Mobil” komandasının üzvü, 2-ci mərhələnin qalibi Primoş Roqliç ümumi təsnifatda liderliyi və mavi rəngli “Synergy” köynəyini özündə saxlayır. Hazırda ilk 10-luqda “Synergy Baku” komandasının 2 üzvü var – Matey Müqerli 3-cü, Maksim Averin isə 6-cıdır.

Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsinə gəlincə, Çexiyanın “Dukla Praqa” komandasının üzvü Frantişek Sisr bənövşəyi rəngli “Ataholding” köynəyini özündə saxlayıb. 3 mərhələdən sonra komanda hesabında “Synergy Baku” 2-ci yerdəki mövqeyini qoruyur. Təmsilçimiz ilk pillədə qərarlaşan “Adria Mobil”a cəmi 42 saniyə uduzur.

Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar səhər saat 09:15-də Qəbələdən start götürməklə Bakı-2015 ilk Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarını qəbul edəcək Mingəçevir şəhərinədək olan 205 km məsafəni qət edəcəklər. Finiş xətti “Kür” avarçəkmə bazasının qarşısında olacaq bu mərhələnin saat 13:45-də başa çatması planlaşdırılır. Yeri gəlmişkən, televiziya tamaşaçıları sabah Bakı vaxtı ilə saat 12:30-dan etibarən 4-cü mərhələni “Eurosport-2” və “İdman Azərbaycan” kanalları vasitəsilə canlı izləyə bilərlər.

Həmin kateqoriyadan