Türkiyə ağırlıqqaldıranları Azərbaycan çempionatının qonağı olub

Allsport.az xəbər verir ki, İrəvanda keçirilən Avropa çempionatında qazandıqları qələbələrini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıranlar ölkəmizdə növbəti tədbirə qatılıblar.

Qonaqlar Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatını tribunadan izləyiblər.

Maraqlı mübarizə şəraitində keçən yarışdan razı qalan türkiyəli qonaqlar, təşkilatçılıqdan məmnunluğunu bildirib, turnirin Avropa standartları ilə keçirildiyini qeyd ediblər.

Türkiyə ağır atletika federasiyasının prezidenti Tələt Ünlü 67 kq çəki dərəcəsində medal qazanan atletlərin mükafatlandırma mərasimində iştirak edib, qalib Tehran Məmmədovun qızıl medalını təqdim edib.
Sonda AAF tərəfindən idmançılar və federasiya nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.

Türkiyə ağır atletika federasiyası da öz növbəsində qarşı tərəfə xatirə plaketləri təqdim edib.

Həmin kateqoriyadan