Uzun təkər bazası “Mersedes”in uğurlu çıxışına mane olmayacaq

“Mersedes”in sürücüsü Valtteri Bottas avtomobilin uzun təkər bazasının Monakoda komandasına mane olmayacağını deyib. Allsport.az saytı xəbər verir ki, “gümüşü oxlar”ın bolidi bu il peletonda ən uzun təkər bazasına malikdir. Almanlar bu tərtibatın onlara mövsümün gedişatında çox kömək edəcəyinə əmindirlər.

F-1.az xatırladır ki, dizayn həm bolidin stabilliyini artırır, həm də uzun və sürətli döngələrdə maşına üstünlük qazandırır. Amma, eyni zamanda, Monako kimi dar şəhər tipli traslarda uzun bolid problem yaşaya bilər.

“Bunun problem yaradacağına inanmıram, çünki İspaniyada çox güclü idik. Üçüncü sektorda sürət aşağıdır və ardıcıl döngələr var. Monakoda da vəziyyət belədir. Buna görə də Monte Karloda güclü olacağımızı düşünürəm. Ümid edirik ki, “Ferrari” ilə yaxın olarıq. Düzlüklər az olduğu üçün peleton bir-birinə yaxın olacaq. Buna görə də Red Bull-u yaddan çıxarmaq olmaz. Həftəsonu üçün yaxşı fürsətlərimiz var. Monakoda çətinlik çəkməyəcəyik.

“Uilyams”da yarışarkən burada çox çətinlik çəkirdik. Bolidim indiki kimi podium uğrunda mübarizə aparmağa imkan vermirdi. Sıralanma çox vacibdir və yarışda səhv edə bilmərik. Buna görə də bacardığım qədər çox xal toplamağa çalışacam. Burada maksimumu alacam” – deyə, Valtteri Bottas əlavə edib.

Həmin kateqoriyadan