2 güləşçi, 1 boksçu, 1 atlet və 1 velosipedçimiz dopinqə görə cəzalanıb

5 idmançımız dopinq-toxlamadan keçə bilmədikləri üçün cəzalandırılıb. Allsport.az milli Antidopinq agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, bunlar güləşçilər Azər Hüseynov, Cavid Feyziyev, boksçu Nəbi Əbdüləzimov, atlet Zaman Piriverdiyev və velosipedçi Osman Qəhrəmanovdur. Onlardan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit edilib.

Adı 3-cü çəkilən idmançının orqanizmindən furosemid maddəsi tapılıb. O, 18 ay müddətinə diskvalifikasiya olunub. Cəza yanvarın 18-dən qüvvəyə minib və 30 iyul 2019-cu ildə bitəcək.

Qoşaçarxçımızdan meldonium və tuaminoheptan üzə çıxıb və o, 12 iyul 2017-ci ildən etibarən 24 aylıq – 12 iyul 2019-cu ilədək cəzalandırılıb.

Orqanizmindən meldonium aşkarlanan Zaman martın 6-dan 42 aylıq – 6 sentyabr 2021-ci ilədək diskvalifikasiyaya məruz qalıb.

Azər metasteron və drostanolon, Cavid stanozolol qəbul edib. Hər 2 bahadır bu ilin yanvarın 18-dən 2022-ci il yanvarın 18-dək 48 aylıq cəzalandırılıb.

Qeyd edək ki, AMADA fəaliyyətə başladığı iki il ərzində dopinq-testdən keçə bilməyən 36 idmançını cəzalandırıb.

Həmin kateqoriyadan