2014-cü il Milli Karate Federasiyası üçün ən uğurlu illərdən biri olub

2014-cü il Milli Karate Federasiyası üçün ən uğurlu illərdən biri olub. Allsport.az xəbər verir ki, federasiyanın fəaliyyətində bir sıra yeniliklər və dəyişikliklər aparılmaqla iəliləyişlərə nail olunub. Yeniyetmə, gənclər və böyüklərdən ibarət seçmə komandalarımız 17 beynəlxalq yarışda iştirak ediblər. 2 avropa və 1 dünya çempionatı, tələbələr arasında dünya çempionatı, yeniyetmə və gənclərin dünya kuboku, o cümlədən 3 premyer liqa və 9 nüfuzlu beynəlxalq turnirlər olan bu yarışlardan ümumilikdə 196 medal qazanılıb. Digər sözlə desək, Azərbaycan karateçiləri 2014-cü ildə iştirak etdikləri beynəlxalq yarışlarda 67 qızıl, 37 gümüş və 92 bürünc medala sahib olublar.

Federasiyanın yaranmasının 20 illik tarixinə təsadüf edən bu ildə kişilərdən ibarət milli komandamız ilk dəfə kumite yarışlrında Avropa çempionu olub. 5-ci “Baku Open” beynəlxalq karate turniri isə məhz federasiyanın yubileyinə həsr olunumuşdu.

10 ildir ki, Milli Karate Federasiyasına (MKF) maliyyə dəstəyi göstərən Azərbaycan Beynəlxalq Bankı Bakı 2015 1-ci Avropa Oyunları ilə əlaqədar bu ildən köməyini daha da artırıb. İlin ilk aylarında Baş sponsor ABB tərəfindən federasiyaya 2 yeni idman zalı verilib. Zallar lazımi şəraitlə və zəruri avadanlıqlarla təchiz edilib. Xarici brendlərlə müqavilələr əsasında federasiya personalının idman geyim dəstləri və ləvazimatlarla təmin edilib. MKF üçün yeni ofisin son tmamlanma işləri aparılır və 2015-ci ilin ilk iş günlərindən federasiya köçürüləcək.

Federasiyanın ictimai işlər sahəsi də effektli fəaliyyət göstərib. “Məktəbli ulduzlar” layihəsi çərçivəsində Bakı və Abşeron rayonunun 17 orta ümumtəhsil məktəblərində görüşlər keçirilib. Həmin məktəblərdə təhsil alan yeniyetmə və gənclərdən ibarət seçmə komandaların üzvlərini dəstəkləmək məqsədi ilə nəzərdə tutulan bu layihə uğurlu alınıb. Baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilən “Əzmkar döyüşçü” mükafatı hər yarışda fərqlənən idmançılara təqdim olunub. Ofis, məşqçi, hakim və idmançı personalı əvvəlki illərlə müqayisədə hər ay mütəmadi olaraq əmək haqları, və məvaciblərlə təmin edilib.

Yüksək nəticə göstərən milli komanda üzvləri, ofis personalı və beynəlxalq dərəcəli hakimlərin ad günləri federasiya səviyyəsində qeyd edilib, onlara baş sponsorun qiymətli hədiyyələri təqdim olunub. Ciddi maddi çətinliyi olan personalın xəclərinin müəyyən hissəsi baş sponsor tərəfindən qarşılanıb.

Bu il milli dərəcəli hakimlərin bilik və təcrübələrini artırmaq üçün 7 seminar təşkil edilib. Beynəlxalq dərəcəli hakimlər Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsi qarşısında uğurla imtahanlardan keçərək dərəcələrini yüksəldiblər.

Karatenin təbliği və kütləviliyinin artırılması sahəsində də effektli addımlar atılıb. Yerli və xarici media ilə əlaqələr gücləndirilib, rəsmi internet səhifəsi yenilənib və onun daha universal funksiyalı fəaliyyəti ilə geniş izləyici kütləsi toplanıb. İstər yerli, istərsə də xarici turnirlərdən birbaşa canlı internet videoyayımları təşkil edilib, ictimaiyyətə operativ informasiyalar çatdırılıb. Bu və digər təbliğat üsulları ilə karate idmanına maraq xeyli dərəcədə artırılıb.

Sevindirici haldır ki, digər idman növləri ilə yanaşı karatenin də inkişafını diqqətdə saxlayan Milli Olimpiya Komitəsinin rəhbəri, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən dekabrın son günlərində yeniyetmələrdən ibarət seçmə komandanın böyük məşqçisi, beynəlxalq hakim Anar Allahverdiyev mənzillə təmin edilib. Həmçinin dünya və Avropa çempionatları ilə birgə bir çox nüfuzlu yarışların qalib və mükafatçısı, milli komananın kapitanı Şahin Atamova may ayında baş sponsor tərəfindən mənzil verilib. ABB həmçinin ilk dəfə Avropa çempionu olan milli komandanın üzvlərini pul mükafatları ilə təltif edib. Həmçinin federasiyanın 20 illik tarixində ilk dəfə müxtəlif nominasiyalarda mükafatlar təsis edilib.

İdmançıların hər rəsmi yarışdan əvvəl vitaminlərlə təchiz olunması mütəmadi hal alıb. Onların tibbi baxışdan keçmələri və dopinq nəzarəti işlərinə diqqət artırılıb. Baş sponsor ABB İdarə heyətinin sədri Cahangir Hacıyevn göstərişi ilə “Regionlarda karatenin inkişafı və təbliği” istiqamətində xüsusi layihə hazırlanıb və onun icrasına başlanılıb.

MKF-in qarşısında duran başlıca vəzifələrdən biri kimi Avropa oyunlarına hazırlıq işlərində gücləndirilmiş mərhələ başlayıb. Bakı 2015 1-ci Avropa oyunlarında yüksək nəticə göstərmək federasiyanın qarşısında duran ən ümdə məsələdir. Bu sahədə bütün imkanlar səfərbər olunub və federasiya personalı əsas hədəfə doğru fəaliyyətini yüksək əhval-ruhiyyədə  davam etdirir.

Həmin kateqoriyadan