Aidiyyəti dövlət qurumları dopinqlə birgə mübarizəni müzakirə edib

Bu gün YUNESKO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” beynəlxalq konvensiyasına tələblərinə uyğun olaraq milli uyğunluq platformasının görüşü olub.

Allsport.az saytı xəbər verir ki, video-konfransda milli antidopinq agentliyinin direktoru Şəfəq Hüseynli, milli olimpiya komitəsinin baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, daxili işlər nazirliyi baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşı Nadir Məmmədov və dövlət gömrük komitəsinin narkotiklərlə mübarizə idarəsinin əməkdaşı Səttar Fətəliyev iştirak ediblər.

Toplantıda qadağan edilmiş maddələrin dövriyyəsinin məhdudlaşdırılması, qanunsuz dövriyyənin qarşısının alınması və qida əlavələrinin satışının tənzimlənməsi istiqamətində aidiyyəti dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi və operativ koordinasiya edilməsi məsələləri müzakirə edilib.

Tədbirdə qeyd edilib ki, qadağan edilmiş maddələr siyahısına daxil olan müxtəlif dərman vasitələri, steroidlər, narkotik və psxiotrop maddələrin yayılmasının və qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə aidiyyəti dövlət qurumları sıx əməkdaşlıq edir.

İclasda həmçinin, bütün dünyada aktual olan qadağan edilmiş maddələr siyahısında yer alan steroidlərin istifadəsi, qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə, habelə tərkibində güclü təsiredici maddələr olan qida əlavələrinin satışının tənzimlənməsi məsələləri müzakirə olunub.

İclas iştirakçıları bildiriblər ki, Azərbaycan “İdmanda dopinqə qarşı mübarizə haqqında” beynəlxalq konvensiyanın tələblərinə uyğun olaraq öhdəliklərinə sadiqdir və bununla bağlı işləri uğurla icra edir.

Qeyd edək ki, milli uyğunluq platforması “İdmanda dopinqə qarşı mübarizə haqqında” beynəlxalq konvensiyasının tələbidir. Hər iki ildən bir YUNESKO tərəfindən üzv ölkələrin konvensiyaya uyğunluğunu yoxlamaq məqsədi ilə anket sorğu göndərilir. Sorğunun cavablandırılmasından əvvəl isə milli uyğunluq platformasının görüşünün keçirilməsi tələb olunur.

Xatırladaq ki, “İdmanda dopinqə qarşı mübarizə haqqında” beynəlxalq konvensiya YUNESKO baş konfransının 2005-ci il oktyabrın 19-da Parisdə keçirilmiş 33-cü sessiyasında qəbul edilib. Azərbaycan bu beynəlxalq konvensiyaya 2007-ci ildə qoşulub.

Həmin kateqoriyadan