AMADA-nın direktoru WADA-nın xüsusi işçi qrupuna üzv seçilib

AMADA-nın direktoru Şəfəq Hüseynliyə WADA yeni etimad göstərib. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz Ümumdünya Antidopinq Agentliyində məşvərət funksiyasını daşıyan xüsusi işçi qrupuna üzv seçilib.

Bu qurumun məqsədi ÜADA-nın rəhbərliyinə bütün ölkələrin milli antidopinq agentliklərinin, onların proqramlarının, qısa və uzunmüddətli proqramların effektivliyinə və dünyada təsirli dopinqə nəzarət strategiyası və planlarının təşviq edilməsi üzrə fəaliyyətə dair ekspert məsləhətlər, tövsiyələr verilməsi və metodiki dəstək göstərilməsidir.

Xüsusi işçi qrupunun əsas vəzifələrindən biri 2018-ci ilin noyabr ayında WADA-nın təsisçilər şurasının Bakıda keçirilən görüşündə qəbul edilmiş geniş idarəetmə islahatları proqramının həyata keçirilməsində dəstək göstərməkdir.

Milli antidopinq agentliyinin cəmi 2 il əvvəl yaradılmasını nəzərə alsaq, Azərbaycan nümayəndəsinin ÜADA-nın xüsusi işçi qrupunun işinə cəlb edilməsi ölkəmizdə dopinqlə mübarizə sahəsində görülən işlərin və bu yönümdə aparılan siyasətin effektivliyinin tanınması deməkdir.

Həmin kateqoriyadan