MÜSAHİBƏ
Ayşən Abduləzimova: Macarıstanda karantin qaydaları sərt deyil

Dünyanı cənginə alan “taclı bəla” zamanla bütün sahələri sarsıtdı. İndi tək-tük ölkə taparsan ki, orda karantin rejimi olmasın. Sözsüz, koronavirusun ağır zərbə vurduğu sahələrdən biri idmandır. Əksər ölkələrdə ya çempionatlar təxirə salınıb, ya da ləğv olunub. Belədə, legionçular tez-tələsik vətənlərinə dönməyə qərar verdilər. Amma elələri də oldu ki, həmin məmləkətdə qalmağı üstün saydı. Bunlardan biri millimizin və Macarıstanın “Vaşaş” klubunun üzvü Ayşən Abduləzimovadır. Allsport.az saytı həmyerlimizlə əlaqə saxlayıb, onun son durumu ilə maraqlanıb.

– Məlum olduğu kimi, əksər voleybolçular evə döndü. Mənim də qayıtmaq imkanım vardı. Amma Budapeştdə qalmağa üstünlük verdim. Karantin hər yerdə karantindir. Bir sözlə, hələ də burdayam.

– Orda qaydalar necədir?
– Burda vəziyyət normaldır. Karantin Azərbaycandakı kimi sərt deyil. İstədiyin vaxt şəhərə çıxa bilərsən. Hökmən deyil ki, çölə maska və tibbi əlcəklə çıxasan. “Evdə qal” çağırışı da yumşaqdır, məcburiyyət yoxdur. Yalnız səhər saat 9-dan 12-yə kimi marketlərə və apteklərə gənc nəslin nümayəndələri gedə bilməz. O vaxt arası ancaq yaşlılara ayrılıb. Başqa hər şey azaddır.

– Yəqin, formadan düşməmək üçün nələrsə edirsiz.
– Bütün idmançılar kimi, mən də açıq havada qaçıram (gülür). Evdə olanda, gimnastik hərəkətləri edirəm.

– Klubun bu çətin gündə dəstək göstərirmi?
– Sözsüz, hər şey qaydasındadır.

– Bəs Vətəndən?
– Federasiyamız sağ olsun, dəstək verir. Macarıstandakı səfirliyimiz də. Yəni, yazıb soruşurlar, necəyəm, neynirəm…

– Ayşən, gələcək planlarınız nədən ibarətdir? Geri dönməyi düşünürsünüzmü?
– Əlbəttə. Amma burda karantinin nə vaxt bitəcəyi hələ bilinmir. Azərbaycanda isə müddət mayın 4-nədək uzadıldı. Allah qoysa, ilk növbədə, yurda dönmək istəyirəm.
Son 2 ili “Vaşaş”da keçirdim. Bu mövsüm ölkə kubokunu qazandıq. Qayıtdıqdan sonra, nə olacağını mən də bilmirəm.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan