Şəfəq Hüseynli: Blokçeyn texnologiyası antidopinq dünyasını daha şəffaf və dürüst edəcək

Milli antidopinq agentliyi və yerli “Technofusion” şirkəti blokçeyn texnologiyası əsasında idmançılarımızın vahid reyestrinin hazırlayacaqlar. Allsport.az saytı xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli bu anlaşmanı yüksək qiymətləndirib:

“Blokçeyn texnologiyasından istifadə idmançılar haqqında məlumatların itirilməsi və ya saxtalaşdırılması risklərinin qarşısını alır. Blokçeyn əsasında işləyən məlumat bazasında hansısa bloku silib və ya dəyişmək mümkün deyil. İdmançının bütün şəxsi məlumatları ən güclü kriptoqrafik alqoritmlərlə qorunacaq. Bu, antidopinq dünyasını daha şəffaf və dürüst edəcək”.

Mütəxəssis əlavə edib ki, bu cür reyestrin yaradılması üçün blokçeyn texnologiyasından istifadə AMADA tərəfindən antidopinq dünyasına təklif edilən növbəti yenilikdir.

“Blokçeynin əsas xüsusiyyətlərinə mərkəzsizləşdirmə, şəffaflıq, nəzəri qeyri-məhdudluq, etibarlılıq aiddir. Ənənəvi məlumat saxlama sistemləri belə üstün cəhədlərə malik deyillər. Bu, blokçeynin xeyrinə seçim etməyimizə səbəb olub. Bu layihə blokçeyn texnologiyasının kamilliyini real həyatda qiymətləndirməyə imkan verəcək”, – Technofusion şirkətində Data Science istiqamətinin rəhbəri Aleksandr Kuklin bildirib.

O qeyd edib ki, AMADA ilə birgə layihə Azərbaycan üçün unikaldır, çünki ilk dəfədir ki, yerli şirkət belə innovativ bir məhsul hazırlayacaq. “Bu ana qədər Azərbaycan bazarında blokçeyn əsasında pilot layihələr yalnız iri xarici vendorlar tərəfindən həyata keçirilib”, – A.Kuklin əlavə edib.



Həmin kateqoriyadan