“Bu qədər hazırlığa və motivasiyaya baxmayaraq, gözlənilməyən nəticə ilə qarşılaşdıq”

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsinin 11-ci və 12-ci turlarında “Dinamo” klubu qızıl medallara digər iddialı “İdman Akademiyası”na hər 2 oyunda uduzdu (25:27, 31:32). “Polislər”də görüşün ən fəallarından biri Rauf Əfsalov idi. 23 yaşlı yarımorta oyunçusu kəsərli hücumlarla rəqibi daim gərginlikdə saxlayırdı. Yeri gəlmişkən, o, 44-günlük 2-ci Vətən müharibəsi iştirakçısıdır. Suqovuşanın azad olması uğrunda döyüşdə fədakarlığa görə ölkə başçısı tərəfindən ordenlə təltif olunub. Allsport.az saytına açıqlamasında, “4” nömrəli həndbolçu bunu deyib:

“Son oyun haqqında bunları demək istəyirəm. Bəli, fikrinizi dəstəkləyirəm. Bizim komanda daha hazırlıqlı idi. Çünki biz bu oyuna taktiki, fiziki və psixoloji cəhəddən çox hazırlaşmışdıq. Yarışı izləyən hər kəs bunu əminliklə deyə bilər. Biz görüşə uduzmaq üçün çıxmamışdıq. Lakin bu qədər hazırlığa və motivasiyaya baxmayaraq, gözlənilməyən nəticə ilə qarşılaşdıq.

Buna səbəb kimi, bizdən fərqli olaraq, hakimlərin son oyunun intensivliyinə hazır olmadığını düşünürəm. Vaxtında və düzgün qəbul edilməyən qərarlar bizi komandamız üçün vacib olan xallardan uzaqlaşdırdı və bu hal bizim üçün hesabda öz əksini tapdı. Məğlub olmamıza baxmayaraq, mən öz adımdan komanda yoldaşlarıma, məşqçi və həkim heyətinə dərin təşəkkürümü bildirirəm. Gələcək oyunlarda daha gözəl həndbol göstərəcəyimizə əminəm”.

Həmin kateqoriyadan