Elçin Cəfərov: İslamiadada yunan-Roma güləş komandamızın nəticəsini yüksək qiymətləndirirəm

«Yaxın günlərdə Avropa çempionatının nəticəsi təhlil ediləcək və bütün suallarara cavab veriləcək»

Yunan-Roma güləş millimiz İslam oyunlarında 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazandı. Bu o deməkdir ki, yarışda mübarizə aparan bütün heyət fərqləndi. Yaxşı göstəricidir. Bəs görəsən AGF nə deyir? Doğma divarlarda keçirilən İslamiadada bu nəticə rəhbərliyi tam qane etdimi? Allsport.az saytına müsahibəsində vitse-prezident Elçin Cəfərov bütün suallara aydınlıq gətirdi.

– Ev sahibi olaraq nəticəni yüksək qiymətləndirirəm. Bütün güləşçilərimiz qalib və mükafatçılar sırasında yer aldılar. Deyərdim ki, komanda qarşıya qoyulan məqsədə nail oldu.

Orta, yoxsa böyük ölçüdə?
– Bundan aşağını qəbul edə bilməzdik. Bəli, yuxarı da ola bilərdi: bir, bəlkə iki qızıl medal. Açığı, Rəsul Çunayevdən də qızıl medal gözləyirdik. Amma bu idmandır: qalib olan yerdə məğlub olur, məğlub olan yerdə qalib. Ona görə, biz bir yarışla Rəsulun ümumi işinə qiymət verə bilmərik. Burdakı qələbəni onun qədər heç kim istəmirdi. Amma idman gözlənilməzlikləri sevir. Rəsula ümidimiz böyükdür.
Güləşə həmişə böyük ümid var. Çalışacağıq ki, bundan sonrada bəslənən etimadı doğruldaq, qarşıdakı yarışlarda böhtəşəm qələbələrin davamını gətirək.
Avqustda Parisdə dünya çempionatı keçiriləcək. Bir neçə gündən sonra komanda həmin böyük tədbirə hazırlığa başlayacaq. Bunun hamısı güləşə, ümumən, idmana olan diqqət və qayğının nəticəsildir. Başda möhtərəm ölkə başçımız olmaqla, Güləş federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi sayəsində bu uğurlara yetişmişik.
Gördüyünüz kimi, komandada gənclər də yer almağa başlayıb. Zaman-zaman bütün komandalarda nəsillərin dəyişməsi baş verir, bundan qaçmaq olmaz. Amma biz yaşlı idmançılara da «get» deyə bilmərik. Hər birinin zamana ehtiyacı var. Kim istər qalar, kim istər gedər. Bu, onun öz işidir. Sadəcə, kim bu gun yığma komandanın tələblərinə cavab verirsə, o qalacaq, kim durumla uzlaşmırsa, təbii ki, özlüyündə məsələsinə aydınlıq gətirməlidir.

Elçin müəllim, ayın əvvəlində Serbiyada Avropa çempionatı keçirildi. Bu yarışda yunanRoma güləş millimiz 2005-ci ildən bu yana ilk dəfə medalsız qaldı. Yaxşı xatırlayıram, bu uğur zolağının əsası sizin baş məşqçilik dövründə qoyulmuşdu: Vitali Rəhimov Vətənə qızıl medalla qayıtmışdı
– Sizə bir məqamı qeyd edim: Avropa çempionatında 5 nəfər ilk dəfə çıxış edirdi, onlardan dördü gənc idi. İslam oyunları ilə bu yarış arasında cəmi 8 gün ara vardı. Əgər qısa müddət olmasydı, komandanın bütün əsas üzvləri Serbiyaya yollanacaqdı. Təbii, belədə, Avropa çempiona ilə İslam oyunları arasında seçim qarşısında qaldıq. Bu günümüzü, komandanın gələcəyini, ölkə idmanının siyasətini nəzərə alıb, İslamiadanın üzərində dayandıq.
Bir də, bəs gənclər harda yoxlanmalı idilər? Təbii ki, belə mötəbər yarışlarda. Orda da təcrübəli idmançılar vardı: Taleh Məmmədov və Həsən Əliyev. Onlar beynəlxalq yarışlarda öz sözünü demiş güləşçilərdir. Təəssüflər olsun ki, Serbiyada uğurlu çıxış edə bilmədilər. Bu yaxınlarda məşqçilər heyəti ilə komanda üzvləri arasında geniş tərkibli toplantı olacaq və orda bütün məsələlərə aydınlıq gələcək.

Avropa Güləş Şurasının prezidenti Çen Çenov saytımıza müsahibəsində yunanRoma güləşçilərimizin çıxışına toxundu. Bildirdi ki, Azərbaycan millisi həmişə mötəbər yarışlara rəng qatır, biz olmadan rəqabətin gərginliyindən söz ola bilməz. Olan duruma rəğmən, yaxşı olardı ki, yığmamız bütün ciddi yarışlara əsas qüvvəsi ilə qatılsın.
– Mübarizə aparmaq qabiliyyətli kim vardısa, onları Avropa çempionatına göndərdik. Hansı çəkidə 2 aparıcı güləşçi vardı, birini Avropa çempionatı, birini də İslam oyunları üçün müəyyənləşdirdik. Sadəcə, orda bəziləri etimadı doğrlutmadı. Yəni, biz Avropa çempionatına başdansovdu, ikinci dərəcəli yarış kimi baxmamışıq. Tarixdə idmançılar olub ki, bu mötəbər yarışda iştirak etmək üçün canlarınan keçiblər, amma buna nail ola bilməyiblər. Kimlərə şans vermişdik, onlar dəyərləndirə bilmədi, bu onların öz problemləridir. Yaxın günlərdə Avropa çempionatının nəticəsi təhlil ediləcək və bütün suallarara cavab veriləcək.

Belə aydın olur ki, Parisdə təşkil olunacaq dünya çempionatına komanda daha iddialı yollanacaq adəti üzrə, qarşıya qoyulan vəzifə ən azı, bir qızıl medal olacaq.
– Biz hər bir yarışa qızıl medal üçün gedirik. Əgər komanda üzvlərinin qarşısına yüksək hədəf qoyulmazsa, ora yollanmağın nə mənası? Güləş federasiyası turist bürosu deyil, gəzinti mərkəzi deyil. Kimsə özlüyündə, ay nə bilim, görmədiyim ölkəni gedim gəzim. Hazır olan imançı yarışa getməlidir. Əgər uduzdusa, səhvindən nəticə çıxarmalıdır. Bunu bacarmırsa, onda gedib özünə başqa peşəni seçsin. Bir idmançı ki, qarşısına Avropa, dünya və olimpiya çempionluğu və ya mükafatçısı olmağı məqsəd qoymursa, o nə üçün illərini boşa verir? Biz toplantımızda bunu güləşçilərimizə bir daha xatırladacağıq.

–  Bu yaxınlarda əsas komandada qəfil baş məşqçi dəyişikliyi oldu. Bu barədə deyə bilərsiniz?
– Düzü, elə bir böyük dəyişiklik olmayıb. Elə həmin məşqçilərdir, həm gənclərlə işləyiblər, həm böyüklərlə. Şaban Donat təcrübəli mütəxəssisdir. Akif Əliyevlə İlqar Abdulov müəyyən vaxtlarda yığma komandalarda çalışmış insanlardır. Onlar yenə bir yerdədirlər, yenə eyni işi görürlər. Məncə, dəyişiklik elə bir əhəmiyyət  kəsb etir. Əsas odur ki, sistem var, qalıb və iş gedir. Federasiya rəhbərliyinin tələbi kimin baş məşqçi olmasından açılı olmayaraq, uğurlu nəticələrimiz olsun, bayrağımız daim beynəlxalq arenalarda ucalsın.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan