Federasiyadan yeni layihə

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliğ olunması məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası yeni layihənin icrasına başlayır. Allsport.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı ilə əldə olunmuş razılığa əsasən, sabah Veloparkda adı çəkilən ali təhsil ocağının fakültələrarası “Tələbə Kuboku” yarışı keçiriləcək.

Saat 11:00-da start götürəcək yarışda komandaların tərkibi 4 nəfərdən (2 qız, 2 oğlan) ibarət olacaq. İştirakçılar velosiped və digər zəruri avadanlıqlarla təmin ediləcək. İlk 3 yeri tutacaq komandalar federasiya tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, diplom və xatirə hədiyyələri ilə təltif ediləcək.

Qeyd edək ki, Pedaqoji Universitetin tələbələri arasında keçiriləcək bu yarış pilot layihədir və lazımi nəticə əldə olunacağı təqdirdə, digər ali təhsil ocaqları arasında ümumrespublika “Tələbə Kuboku”nun təşkili də nəzərdə tutulur.

Həmin kateqoriyadan