Gənclər arasında peyntbol çempionatı keçiriləcək

Gənclər təşkilatları arasında peyntbol idman növü üzrə çempionat keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər təşkilatları arasında peyntbol idman növü üzrə çempionat keçirəcək.

Tədbirin təşkilatçılığı “İrəli” İctimai Birliyi və Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən həyata keçiriləcək.

Çempionatın keçirilməsində məqsəd gənclər arasında hərbi vətənpərvərlik ruhunun artırılması, onların fiziki hazırlıqlarının inkişafına dəstək verməkdir. Eyni zamanda, gənclər peyntbol idman növü vasitəsi ilə asudə vaxtlarını səmərəli istifadə etməklə həmyaşıdlarına vətənpərvərlik sahəsində örnək nümayiş etdirəcəklər.

Çempionatda Azərbaycan Respublikasında fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış bütün gənclər təşkilatları 6 nəfərdən ibarət komanda yaradaraq iştirak edə bilərlər.

Gənclər təşkilatları 15 fevral 2015-ci ilədək rəsmi qaydada komandalarını qeydiyyatdan keçirməlidir. Qeydiyyat formalarını dolduran komandalar məlumatları ireli@ireli.az elektron ünvanına göndərməlidirlər.

Həmin kateqoriyadan