İlk dəfə 10 aprel Ədalətli İdman Günü qeyd olunub

Ölkəmizdə ilk dəfə 10 aprel Ədalətli İdman Günü qeyd olunub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın yeni ərazisində keçirilən tədbirdə öncə videoçarx nümayiş olunub. Sonra AMADA-nın direktoru Şəfəq Hüseynli çıxış edib. O, idmanda bərabərliyin qorunmasının vacibliyini, ədalətli qələbənin və “təmiz idman”ın əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev deyib ki, artıq neçə illərdir ölkəmiz bu hərəkatının fəal üzvüdür. Müxtəlif idman növləri üzrə qeyri-bərabər şəraitdə yarışların əyani nümayişindən sonra MOK-un baş katibinin müavini Azər Əliyev, olimpiya çempionları Zemfira Meftəhəddinova, Fərid Mansurov, Namiq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder və digərləri ədalətli idman prinsiplərinin vacibliyi, istifadəsi qadağan olunmuş preparatların qəbulunun idmançıların karyerasındakı zərərləri barədə danışıb və bütün atletləri “təmiz idman”a səsləyiblər. Sonda idman ictimaiyyətinin nümayəndələri və tanınmış idmançılar Ədalətli İdman Günü ilə əlaqədar hazırlanmış müxtəlif şüarlarla şəkillər çəkdiriblər.

Beynəlxalq Antidopinq Agentliyi (WADA) 10 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən WADA-nın təhsil konfransında ədalətli idman təşəbbüsü irəli sürülüb. Cənubi Amerika ölkələrinin təşəbbüsünə daha sonra Avropa, ardınca isə bütün dünya ölkələri qoşulub. Hər il bu təşəbbüsə müxtəlif ölkələr qoşularaq silsilə tədbirlərə ev sahibliyi edirlər. Bu isə hərəkatın qloballaşmasına imkan yaradır. Hərəkatın sıralarının genişlənməsi dünyada “təmiz idmançılar”ın sayının artmasına, atletlərə rəqibə ədalətlə yanaşmaq və təmiz qələbə hislərini aşılamağa böyük töhfə verir.

Həmin kateqoriyadan