İsrafil Aşurlu: Alpinist dəstəmiz 10 nəfəri xilas etdi

Türkiyədə əsrin fəlakətində bütün dünya onun yanında oldu. Allsport.az saytı xəbər verir ki, zəlzələnin baş verdiyi ilk gündə yardım əlini uzadanlardan biri də qardaş Azərbaycan idi. Müxtəlif zümrəyə mənsub vətəndaşlarımız bacardıqları qədər yardım ediblər. Onların sırasında alpinislər də yer alıb. İsrafil Aşurlu (şəkildə sarı qısaqol gödəkcədə) və Rinat Rəhimxanov artıq Bakıya dönüblər. Adı ilk çəkilən idmançımız durumu belə anladıb:

“Qardaş Türkiyədə baş vermiş zələzələ və onun ağır, dağıdıcı fəsadları dəhşətli faciədir, onun tam miqyasını hələ ki tam dərk etmək olmur. Nəhəng bəşəri fəlakətdir. Allaha minnətdaram ki, Ərzurumda yerli alpinist dostlarımın zəlzələ xəbəri gələn kimi yaratdıqları könüllü xilasedici dəstəsinə qoşuldum. Biz oradan dərhal fəlakət zonasına yollandıq. Dostlarımın yardıma qaçmaq hazırlığı, belə hallarda zəruri olan təmkini, cəsarəti, xeyirxahlığı və alicənablığı heç bir təsvirə gəlmir.

Çətin Bayram, Həsən Nəbi Ağbal, Ömər Altundaş, Nüsrət Əryaman, Yusif Sürmeli, Fateh Abacıoğlu, Səbahaddin Saygün, İlmaz Topçu, Ömər Lütfü, Əmircan Ehsanoğlu, Duyğu Göytürk, Əli Guşə, Roman Abildayev, Məhəmməd Gedən, Yaroslav Nikotin, Rinat Rəhimxanov – siz qəhrəmansınız!

Dəstə dağıntılar altından 9 nəfəri xilas etdi, bir nəfəri isə binanın ən yülsək mərtəbəsindən endirə bildi. Cəhd etsək də, yardıma çata bilmədiyimiz anlara görə Allah günahımızdan keçsin. Bizə dəstək verən hər kəsə təşəkkür. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik, yaxınlarının başı sağ olsun. Allah yaralılara tezliklə şəfa versin. Türkiyə, biz səninləyik!”

Nəzərinizə çatdıraq ki, qardaş ölkədə son 9 gündə dünyasını dəyişənlərin sayı 35418-ə yüksəlib.

Həmin kateqoriyadan