Şəfəq Hüseynli WADA-nın təhsil sahəsi üzrə daimi komitəsinin üzvü seçildi

Martın 30-da WADA icraiyyə komitəsinin qərarı ilə milli antidopinq agentliyinin direktoru Şəfəq Hüseynli təhsil sahəsinin siyasi və strateji tənzimlənməsi üzrə daimi komitəsinin üzvü seçilib.Allsport.az saytı xəbər verir ki, bu ilin fevral ayında yekdil qərara əsasən, Şəfəq Hüseynlinin 12 nəfərdən ibarət olan təhsil üzrə daimi komitənin üzvlüyünə namizədliyi WADA-nın prezidenti, baş direktoru və bu komitənin sədri tərəfindən seçilərək agentliyin rəhbər orqanına rəsmi təyinat üçün irəli sürülmüş, martın 30-da isə, səsvermə yolu ilə onun namizədliyi icraiyyə komitəsi tərəfindən təsdiqlənmişdir.

WADA-nın strukturuna əsas orqan olan və dopinqlə mübarizənin müxtəlif sahələri üzrə siyasi və strateji idarəçiliyi həyata keçirən cəmi 5 belə daimi komitə daxildir. Təhsillə bağlı ekspert məsləhətləri verməklə yanaşı, qısamüddətli strategiyalar və müvafiq fəaliyyət planlarına rəhbərlik edir, eləcə də, antidopinq təhsilinin qlobal tənzimlənməsi ilə bağlı uzunmüddətli siyasəti idarə edir. Komitə, həmçinin WADA tərəfindən maliyyələşdirilən sosial elmi layihələr sahəsində aparılan araşdırmaların seçim prosesində iştirak edir.

Daimi komitə tərəfindən verilmiş qərarlar birbaşa WADA-nın icraiyyə komitəsi və təsisçilər çurası tərəfindən baxılması üçün təqdim olunur. Qeyd edək ki, həmyerlimiz, eyni zamanda, WADA-nın milli antidopinq agentlikləri üzrə məşvərət qrupunun üzvü, Avropa Şurasının “İdmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi işçi qrupunun sədr müavini və Avropa Şurasının ümumdünya antidopinq agentliyi ilə iş üzrə xüsusi Avropa komitəsinin gender bərabərliyi məsələləri üzrə rəhbəridir.

Həmin kateqoriyadan