“Tour de France” və dünya çempionatının vaxtı dəyişdirildi

Avropa velosipedçilər birliyinin videokonfransl keçirilib. Allsport.az xəbər verir ki, iclasda 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, Avropa kuboku yarışlarının təşkili məsələləri əsas müzakirə mövzularından olub.

Nüfuzlu “Tour de France” veloturunun 29 avqust – 20 sentyabr, İsveçrədə təşkil ediləcək şose velosipedi üzrə dünya çempionatının isə 20-27 sentyabr tarixlərində keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Sentyabrın 9-13-də İtaliyanın qəbul etməli olduğu Avropa çempionatının yeni vaxtının müəyyənləşdirilməsi ilə bağlı təşkilatçı ölkəyə 3 müxtəlif tarix təklif edilib və yaxın günlərdə bununla bağlı yekun qərarın veriləcəyi gözlənilir.

Tokio yay olimpiya oyunlarının gələn il 23 iyul – 8 avqust tarixlərində keçiriləcəyini nəzərə alsaq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının tarixinin dəyişdirilməsi məsələsi də müzakirə olunub. UEC direktorlar komitəsi Belarus hökuməti ilə birlikdə qitə çempionatının yeni tarixinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə başlayıb.

Azərbaycan velosiped idmanı federasiyasının 1-ci vitse-prezidenti, Avropa velosipedçilər birliyi direktorlar komitəsinin üzvü Sahib Ələkbərov iclasda çıxış edərək, koronavirus pandemiyasının təsirlərinin azaldılması məqsədilə Azərbaycanda həyata keçirilən tədbirlər, ölkədə bütün idman yarışlarının dayandırıldığı və şərait imkan verdikdən sonra idman həyatının canlandırılması ilə bağlı görülməsi nəzərdə tutulan işlər barəsində məlumat verib.

Həmin kateqoriyadan