Əfqanıstandan sülh çağırışlı veloyürüş

Müxtəlif yaş qruplarına aid bir qrup əfqan velosipedçi Lapis-Lazuli təşviqi məqsədilə yürüşə başlayıb. Allsport.az saytı xəbər verir ki, onlar dəhlizin keçdiyi ölkələrə – Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəyə səfər edərək əfqan xalqının sülh mesajını çatdırmaq niyyətindədirlər.

Tədbir Əfqanıstan velosiped federasiyasının təşəbbüsü ilə keçirilir və ölkə prezidenti Məhəmməd Əşrəf Qaninin dəstəyi ilə reallaşdırılır. Yürüş iştirakçıları Türkmənistan səfərini başa vurduqdan sonra gəmi vasitəsilə Bakıya gəliblər. Səfər çərçivəsində velosipedçilər AVİF-in də qonağı olublar. Qrup rəhbəri Sadiq Caminin sözünə görə, əsas məqsəd əfqan xalqının sülh istəyini bütün dünyaya bəyan etməkdir:

“Səfərimiz çərçivəsində bizə dost və qardaş olan Azərbaycanda olmaqdan çox məmnunuq. Yürüşə Herat şəhərindən başlamışıq və Azərbaycandan keçməklə Gürcüstana, oradan isə Türkiyəyə gedəcəyik. Lapis-Lazuli marşrutu üzrə hərəkət etməklə bütün dövlətlərə əfqan xalqının sülh və dostluq müraciətini çatdırmaq istəririk”.

Azərbaycan velosiped idmanı federasiyasının baş katibi Fərhad Əliyev Əfqanıstandan gəlmiş qonaqları Respublika velotreki, həmçinin ölkəmizdə və dünyada velosiped idmanının tarixini özündə əks etdirən muzeylə tanış edib və onlara səfərlərinin növbəti hissəsində uğurlar arzulayıb. Qeyd edək ki, Lapis-Lazuli marşrutuna dair 5-tərəfli Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb.

Həmin kateqoriyadan