Trek üzrə ölkə çempionları

Respublika velotrekində trek üzrə ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ilin əsas yarışında klub və cəmiyyətlərin 60-a yaxın idmançısı mübarizə aparıb. Yarışda 15 yaşadək velosipedçilər arasında 660 metr məsafəyə fərdi ötüşmədə Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Radha Şabanova qızlar, Əlihüseyn Musazadə isə oğlanlar arasında bütün rəqiblərini qabaqlayıb. 17 yaşadək velosipedçilərin 1 km məsafəyə fərdi ötüşməsində oğlanlar arasında 7 saylı Olimpiya Məktəbindən Yusif İsmayılov, qızlar arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Viktoriya Sidorenko fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Yeri gəlmişkən, Viktoriya Sidorenko həmçinin skretç və çıxma yürüşündə də çempionluq sevinci yaşayıb.

Gənclər və U23 yaş kateqoriyasında ROVM-dən Nəcəf Bağırov 1 km məsafəyə fərdi, keyrin və sprint yarışlarında hamıdan güclü olmaqla 3 qat çempionluq sevinci yaşayıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva gənc qızlar arasında skretç və çıxma yürüşündə 2 qızıl medala layiq görülüb.

15 yaşadək oğlan velosipedçilərin skretç və cıxma yarışında ROVM-dən müvafiq olaraq Hüseyn Nərimanov və Vüsal Kazımov digər rəqiblərini qabaqlayıblar. 17 yaşadək oğlanlar arasında çıxma yarışında isə “Neftçi”dən Nofəl Nuriyev fərqlənib.

Respublika olimpiya velosiped məktəbinin daha bir üzvü Fatimə Əfqanzadə 15 yaşlı qızların skretç və çıxma yarışının qalibi olub. Və nəhayət, 17 yaşadək oğlanların skretç mübarizəsində adı çəkilən məktəbin velosipedçisi Nikita Sıtov fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qalib və mükafatçılar gənclər və idman nazirliyi və velosiped idmanı federasiyası tərəfindən medal və diplomla təltif ediliblər. Qeyd edək ki, ölkə çempionatının nəticələri UCİ-yə də göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.

Həmin kateqoriyadan