Aleksandr Qusyatnikov: “Azərbaycana dünya turunu da etibar etmək olar”

“Tour d’Azerbaidjan-2017” veloturunu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Bu yarış Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planında xüsusi yer tutur. Əminliklə söyləyə bilərəm ki, “Tour d’Azerbaidjan”nın təşkilatçılarına Dünya Turu kateqoriyalı yarışların təşkilini tam etibar etmək olar”. Allsport.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Velosipedçilər Birliyinin (AVB) vitse-prezidenti, qurumun şosse velosipedi növü üzrə komitəsinin rəhbəri Aleksandr Qusyatnikov deyib.

O deyib ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) rəhbərliyi ilə bu idman növünün daha da inkişafı ilə bağlı daim müzakirələr aparır: “Biz yalnız “Tour d’Azerbaidjan” yarışı zamanı deyil, həm də digər vaxtlarda müzakirələr aparırıq. Nəzərə alaq ki, AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü seçilib. Biz hər tədbirdə, toplantıda görüşürük və fikir mübadiləsi aparırıq. Velosiped idmanı inkişaf etməyən hansısa ölkənin nümayəndəsini belə bir quruma məsul vəzifəyə seçməzdilər. Azərbaycanda son illər velosiped idmanı sürətlə inkişaf edir və ölkənizdə bu istiqamətdə böyük işlər görülür. Nüfuzlu “Tour d’Azerbaidjan” yarışının mükəmməl təşkili də bunun sübutudur. İsmayıllıda velosiped zavodu istifadəyə verilib. Artıq Azərbaycan velosipedləri kənardan almayacaq, çünki öz daxili istehsalı var.

AVB-nin vitse-prezidenti “Tour d’Azerbaidjan” yarışının kateqoriyasının artırılmasının gündəmdə olduğunu bildirib: “Tour d’Azerbaidjan” yarışı ilə bağlı gələcək planlar haqda sirrləri hələ ki, açmaq istəməzdim. Ancaq AzVİF-in vitse-prezidenti Sahib Ələkbərovla müzakirələrimizdə “Tour d’Azerbaidjan” yarışının kateqoriyasının artırılması məsələsinin gündəmdə olduğu vurğulanıb. Ola bilər ki dünyada müşahidə olunan iqtisadi böhranın səngiməsi üçün bir qədər gözləmək lazım gəlsin. Amma “Tour d’Azerbaidjan” yarışına maraq hər il daha da artır və sözügedən veloturun kateqoriyasının artırılması gündəmdədir”.

Həmin kateqoriyadan