Azərbaycan idmançısı “World MMA Network Maxmix” turnirinin qalibi oldu

Azərbaycan idmançısı Ümid Məmmədzadə Ukraynanın Odessa şəhərində təşkil olunan qaydasız döyüşün MMA versiyası üzrə “World MMA Network Maxmıx” turnirində ölkəmizi uğurla təmsil edib. Alsport.az xəbər verir ki, reytinq xarakterli turnirdə gənc idmançımız Ü.Məmmədzadə bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

İdman ustası Ü.Məmmədzadə qaydasız döyüş ilə uzun illərdir peşəkar səviyyədə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan idmançı qaydasız döyüş üzrə ikiqat dünya, habelə Avropa, üçqat respublika, Qafqaz çempionu və bir sıra beynəlxalq turnirlərin mükafatçısıdır.

İndiyədək qazandığı uğurların əsasında fasiləsiz məşqlərinin durduğunu söyləyən Ü.Məmmədzadə deyib: “Gərgin məşqlərimin, çəkdiyim zəhmətin bəhrəsini həmişə görmüşəm. Bu yarışda da uğur qazanacağıma inanırdım. Digər yarışlarda olduğu kimi, bu dəfə də qalib gələrək bayrağımızı qaldırdım. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, mən təkcə öz qələbələrimlə deyil, Vətənimizi layiqincə təmsil edən hər bir azərbaycanlının uğuru ilə qürur duyur və buna ürəkdən sevinirəm”.

Həmin kateqoriyadan