AzVİF ilə yekun vurdu

Başa çatmaqda olan 2018-ci il kifayət qədər məhsuldar olub. Federasiya tərəfindən təşkil edilən maarifləndirici tədbirlər və layihələr təkcə yeniyetmə və gənclərdə deyil, eyni zamanda daha yuxarı yaş qrupuna aid olan insanlar arasında da velosipedə marağı bir xeyli artırıb. İlin yekunlarına həsr olunan tədbir zamanı federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov görülən işlər barədə ümumi məlumat verərkən qeyd etdi ki, ötən il ərzində Samir Cəbrayılov, Kiril Pozdnyakov, Sergey Omelçenko, Musa Mikayılzadə, Yelena Pavluxina, Kərim Şirəliyev və Viktoriya Sidorenko kimi idmançılarımız bir sıra nüfuzlu beynəlxalq yarışlarda uğurlu nəticələr qazanıblar.

Ölkəmizdə baş tutan idman yarışlarında, xüsusən də iyun ayında Bakıda təşkil olunan BMX üzrə dünya çempionatının keçirilməsində gənclər və idman nazirliyinin və milli olimpiya komitəsinin dəstəyini hər zaman hiss etdiklərini xüsusi olaraq vurğulayan federasiya rəsmisi bu işlərdə əməyi olanların hamısına minnətdarlığını bildirdi. Sonra AzVİF-in baş katibi, Beynəlxalq Velosipedçilər İttifaqının Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi Fərhad Əliyev başa çatmaqda olan il ərzində idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi nəticələr barədə məlumat verdi. 2018-ci ilin əsas idman hadisəsi təbii ki, iyun ayında ölkəmizin velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatına ev sahibliyi etməsi oldu. Azərbaycan prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə bu yarış ən yüksək səviyyədə baş tutdu. 

Planetin müxtəlif ölkələrindən 1500-dən artıq idmançının iştirak etdiyi dünya çempionatının təşkilatçılıq səviyyəsi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən olduqca yüksək qiymətləndirildi, yarış 50-dən çox ölkədə canlı yayımlandı. Turniri izləmək üçün ölkəmizə gələn UCI prezidenti David Lappartien Prezident İlham Əliyevlə görüşündə Azərbaycanda bütün beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini, BMX üzrə dünya çempionatının da ən yüksək standartlar səviyyəsində təşkil edildiyindən məmnunluğunu ölkə başçısına çatdırdı və bütün bunlara görə Azərbaycan Prezidentinə minnətdarlıq etdi. 

Qeyd olundu ki, 2018-ci ildə Azərbaycanın şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri dünya və Avropa çempionatları ilə yanaşı, bir sıra beynəlxalq turnirlərdə də iştirak etdilər. May ayında Türkiyənin Ordu şəhərində təşkil olunmuş Açıq çempionatda yeniyetmə qızların kriterium yarışında idmançımız Viktoriya Sidorenko fərqlənərək fəxri kürsün ən yüksək pilləsində yer aldı. Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekununda komanda hesabında bürünc medala layiq görüldülər. 

İyulda qardaş ölkənin Kastamonu şəhərində keçirilən beynəlxalq turnir də idmançılarımızın uğurlu çıxışı ilə yadda qaldı. Yarışın gənclər kateqoriyasında fəxri kürsün hər üç pilləsində Azərbaycan velosipedçiləri qərarlaşdılar. Yüz kilometrlik marşrutu Mahmud Məmmədov hamıdan tez qət edərək finiş xəttini birinci keçdi. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq, 2-3-cü yerləri tutdular. Yığmamız komanda hesabında da qalib oldu. Heyətində Elit və U-23 yığma komandalarımızın üzvlərinin yer aldığı “Synergy Baku Cycling Project” kontinental komandasının üzvləri də il ərzində beynəlxalq turnirlərdə uğurla çıxış etdilər.

Kiril Pozdnyakov Türkiyədə Alanya Qran-Prisinin, Mersin Turunun 1-ci mərhələsinin, Rusiyada “Moskvanın 5 halqası” yarışının 4-cü mərhələsinin, Belçikada “Dentergem” yarışının qalibi oldu. Digər nüfuzlu yarışlarda Samir Cəbrayılov, eləcə də Kiril Pozdnyakov mükafata layiq yerlər tutdular. Martda Türkiyədə keçirilən Side Qran-Prisində “Synergy Baku” komanda hesabında 1-ci oldu. Dekabrın əvvəllərində Portuqaliyada keçirilən trek velosipedi üzrə ənənəvi “Prova Internacional Municipo de Anadia” turnirində yığma komandamızın üzvü Sergey Omelçenko uğurlu nəticə ilə yadda qaldı – Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yarışında təmsilçimiz keyrin növündə bürünc medala layiq görüldü və 2020-ci ildə keçiriləcək Tokio olimpiadasına lisenzya almaq üçün öz hesabına 160 xal yazdırdı. Azərbaycan Velosiped İdmanı Federasiyası və Beynəlxalq Velosipedçilər İttifaqı arasında şosse velosipedi üzrə U-23 yığma komandamızın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrədə yerləşən Dünya Velosiped Mərkəzində 6 aylıq təcrübə keçməsi barədə razılıq əldə olundu. İdmançılarımız 2019-cu ilin yanvarından iyulunadək burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlarda iştirak etməklə öz ustalıqlarını artıracaqlar. 

İlin son günlərində Azərbaycan Velosiped İdmanı Federasiyası BMX velosipedi üzrə dünya çempionatının yüksək təşkilatçılığına görə təltif edildi. Gənclər və İdman nazirliyinin ilin ən yaxşılarının adlarını açıqladığı tədbirdə federasiya “İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə” xüsusi mükafata layiq görüldü.  Daha sonra AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov əldə olunmuş uğurlarla yanaşı, mövcud olan bəzi çatışmazlıqları da tədbir iştirakçılarının diqqətinə çatdırdı. İdmanda dopinqə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyindən danışan S. Ələkbərov uğurlu nəticələrin təmiz mübarizə şəraitində qazanılması üçün Azərbaycan Milli Antidopinq Agentliyi ilə sıx əməkdaşlıq edildiyini, dopinqdən istifadənin ümumiyyətlə, xüsusən də yeniyetmələr arasında yolverilməz olduğunu, bu sahədə ciddi məlumatlandırma və maarifləndirmə tədbirləri aparmalı olan məşqçilər korpusunun üzərinə böyük məsuliyyət düşdüyünü vurğuladı. O qeyd etdi ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd Respublika Velotreki və BMX Veloparkı kimi mövcud idman qurğularından daha səmərəli istifadə etmək, yeniyetmə və gəncləri diqqət mərkəzində saxlamaqla onların inkişafına nail olmaq, klub və cəmiyyətlərin fəaliyyətini daha da gücləndirməkdir. Bu istiqamətdə Respublika Olimpiya Velosiped Məktəbinin fəaliyyəti bir müsbət nümunə kimi göstərildi. 2019-cu il üçün əsas prioritet istiqamətlərdən birinin Tokio-2020-yə lisenziya xallarının toplanması olacağını diqqətə çatdıran S. Ələkbərov artıq həm şosse, həm də trek velosipedində dördilliyin zirvə yarışına lisenziya xalları verən yarışlar silsiləsinin start götürdüyünü və prosesin ilin sonunadək davam edəcəyini, bir neçə velosipedçimizin bu işdə şanslı olduğunu bildirdi. Tədbirin sonunda il ərzində fərqlənmiş idmançılardan Ayan Xankişiyeva, Nəcəf Bağırov, Nikita Sitov, Viktoriya Sidorenko və Sergey Omelçenko, məşqçilərdən Əbülfəz Məmmədov, Aleksey Qorikov və digərləri, həmçinin AzVİF-lə yaxından əməkdaşlıq edən qurumların nümayəndələrinə federasiyanın mükafatları təqdim edildi.

Həmin kateqoriyadan