Daha bir federasiyada prezident seçkiləri oldu

Bu gün Azərbaycan velosiped idmanı federasiyasının hesabat-seçki konfransı keçirilib.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbirdə konfrans iştirakçılarını salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Hesabat-seçki yığıncağında Azərbaycan velosiped idmanı federasiyasının fəaliyyəti barədə 1-ci vitse-prezident Sahib Ələkbərovun hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan velosiped idmanı federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində Azərbaycan respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın milli qəhrəmanı Mədət Quliyev 4 il müddətinə federasiyanın prezidenti seçilib.

Sahib Ələkbərov federasiyanın 1-ci vitse-prezidenti kimi işini davam etdirəcək. Azərbaycan respublikası bədən tərbiyəsi və idman akademiyasının rektoru Fuad Hacıyev federasiyanın vitse-prezidenti seçilib. AzVİF-in prezident və vitse-prezidentləri həm də icraiyyə komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Elşən Həsənov, Nadim Babayev və Vüqar Salahov icraiyyə komitəsinə üzv seçilib. Fərhad Əliyev federasiyanın baş katibi kimi fəaliyyətinə davam edəcək.

Tədbirdə çıxış edən Azərbaycan velosiped idmanı federasiyasının prezidenti Mədət Quliyev qarşıda idmançılarımızı nüfuzlu yarışların gözlədiyini bildirib və daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Həmin kateqoriyadan