Dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizə

Milli Antidopinq Agentliyi (AMADA) Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları arasında dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmuş növbəti işçi görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, Azərbaycanın da tərəfdaşı olduğu UNESCO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Konvensiyasına əsasən, Milli Əlaqləndirici Mərkəz olan AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əldə etdiyi məlumatları hüquq-mühafizə orqanları ilə bölüşüb. Belə ki, AMADA-nın apardığı araşdırmalar, daxil olan anonim və açıq məlumatlar və bu məlumatların təhlili dopinq vasitələrinin qanunsuz dövriyyəsi probleminin daha da aktuallaşdığını göstərir. Bütün bunları nəzərə alaraq AMADA tərəfindən hüququ-mühafizə orqanlarının əməkdaşları üçün dopinq vasitələrinin xüsusi ilə də steroidlərin qanunsuz dövriyyəsi, o cümlədən sosial şəbəkələrdə və idman zallarında qanunsuz satışının təşkili və digər məlumatların əks olunduğu təqdimat keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı qurumlarından olan AMADA idmanda narkotik maddələrin istifadəsi ilə bağlı əldə etdiyi məlumatları və apardığı araşdırmaların nəticələrini də hüquq-mühafizə orqanları ilə bölüşüb.

Görüşdə sözü gedən məsələlər ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparılıb. Bu istiqamətdə mövcud əməkdaşlığın genişləndirilməsinin və mübarizə tədbirlərinin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

AMADA, DİN və DGK problemin aktuallığını nəzərə alaraq dopinq vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün atılacaq birgə addımları müəyyənləşdiriblər.

Həmin kateqoriyadan