“Gülhüseyn Abdullayev böyük perspektiv vəd edən pilotdur”

“Campos” az sayda komandalardandır ki, həm GP2, həm də GP3 yarışlarında çıxış edir. Bu yarışlarda iştirak “Formula-1”in başlanğıcı hesab olunur”. Allsport.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Barselonanın “Campos” komandasının texniki direktoru Filip Qautheron deyib.

F.Qautheron bildirib: “Komandamıza yeni qoşulmuş azərbaycanlı pilot Gülhüseyn Abdullayev çox istedadlı və yüksək sürət nümayiş etdirən gəncdir. İdmançının bizim komandaya qoşulması qısa vaxt olsa da ona böyük ümidlər bəsləyirik. Gülhüseyn Abdullayev GP3 yarışlarında çıxış edəcək. Həmçinin biz onu “Formula-3” yarışlarına da hazırlayırıq. Qarşıda onu ciddi hazırlıq mərhələsi gözləyir. Biz onun üçün xüsusi proqram hazırlamışıq. İnanıram ki, o, böyük nailiyyətlər qazana biləcək”.

Mütəxəssis vurğulayıb ki, Gülhüseyn Abdullayev GP3 yarışlarında böyük təcrübəyə malik pilotlarla eyni nəticələr göstərir. Həmyerliniz böyük perspektiv vəd edən idmançıdır. Gənc pilotla tanışlığımız bir neçə ay əvvəl Valensiya yaxınlığında təşkil olunan yarışda oldu. Həmin turnirdə onun göstəriciləri yüksək olduğu üçün biz onunla maraqlandıq və komandamıza cəlb etdik.

Qeyd edək ki, irimiqyaslı turnirlərin mükafatçısı olan “Campos” komandasının “Formula-1” yarışlarında bir çox yetirmələri var. Bunlar arasında Fernando Alonso və Serxio Peres də var.

Həmin kateqoriyadan