İlham Zəkiyev sədr, Hacı Əliyev isə müavin seçildi

Milli antidopinq agentliyinin idmançılar məsləhətçi komissiyasının sədr və sədr müavini seçkisi keçirilib. Allsport.az xəbər verir ki, koronavirusa görə onlayn keçirilən iclasda AMADA-nın direktoru Şəfəq Hüseynli və komissiyanın bütün üzvləri iştirak edib.

Hüseynli bildirib ki, idmançıların hüquqlarının daha effektiv müdafiəsi və təmiz idmanın təşviqi baxımından komissiyanın aktiv fəaliyyəti vacibdir. Bunun üçün idmançılar məsləhətçi komissiyasının əsasnaməsinə uyğun olaraq ilk növbədə komissiyanın sədr və sədr müavini seçilməlidir.

Sonra komissiya üzvləri tərəfindən sədrlik üçün komissiyanın üzvü, cüdoçu ikiqat paralimpiya çempionu İlham Zəkiyevin namizədliyi irəli sürülüb. Açıq səsvermə qaydasında keçirilən seçkidə komissiya üzvlərinin yekdil rəyi ilə İlham Zəkiyev idmançılar məsləhətçi komissiyasının sədri seçilib. Ona göstərilən etimada görə Zəkiyev təşəkkürünü bildirib.

Sədr müavini vəzifəsinə isə sərbəst güləşçi, üçqat dünya çempionu, olimpiya oyunlarının bürünc medalçısı Hacı Əliyevin namizədliyi irəli ürülüb. Keçirilən səsvermədə bu təklif də yekdilliklə dəstəklənib və Hacı Əliyev idmançılar məsləhətçi komissiyasının sədr müavini seçilib.

İclasda çıxış edən idmançılar bildirib ki, təmiz idmanın qorunması baxımından antidopinq sahəsində idmançıların öz hüquq və vəzifələrini bilməsi, maarifləndirmə işlərində idmançıların aktiv iştirak etməsi vacibdir. Ona görə də idmançılar məsləhətçi komissiyası məhz bu istiqamətdə fəal işləməli və AMADA-da idmançıları layiqincə təmsil etməlidir.

Həmin kateqoriyadan