Karateçilərimiz Qazaxıstanda uğurla çıxış ediblər

Qazaxıstanda karate-do idman növünün WKF versiyası üzrə “Aktau kuboku” beynəlxalq turniri keçirilib. Allsport.az xəbər verir ki, yerli idmançılarla yanaşı, Azərbaycan, Gürcüstan, Qırğızıstandan 400-dən artıq karateçinin qatıldığı turnirdə 6-18 yaşadək və böyüklər arasında yarışlar keçirilib.

Azərbaycanlı idmançılar turnirdə uğurla çıxış ediblər. Fərdi yarışlarda Firdovsi Fərzəliyev, Rəfael Ağayev, Ayxan Mamayev, Şahin Atamov və İnci Əzimova öz çəki dərəcələrində turnirin qalibləri olublar. Renata Ələkbərli, Elvin Əhmədli, Pənah Abdullayev, Orxan Heydərli və Murad Hacızadə ikinci yeri, Tural Ələkbərli, Turqut Həsənov və Əli Cəfərov üçüncü yeri tutublar.

Məşqçi Elnur İbrahimin rəhbərliyi ilə çıxış edən idmançılarımız ümumilikdə beş qızıl, beş gümüş və üç bürünc medal qazanıblar. Beləliklə, “Azərbaycan-1” kollektivi böyüklər arasında komanda yarışlarında birinci olub. “Azərbaycan-2” komandası isə üçüncü yerə çıxıb.

Baş konsulluqda idmançılarımızla Aktau şəhərində yaşayan azərbaycanlı gənclər arasında görüş keçirilib. Görüşdə Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin idmançılara diqqət və qayğısından danışılıb.

Həmin kateqoriyadan