Məktəblilərin spartakiadasının qalibləri mükafatlandırıldı

Dekabrın 25-də Nərimanov Rayon İcra Hakimiyyətində Bakı şəhər məktəblilərinin XXVII spartakiadasının bağlanış və XXVIII spartakiadasının açılış mərasimi keçirilib. Allsport.az xəbər verir ki, tədbiri açan Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov spartakiadalar barədə məlumat verib. Bildirilib ki, spartakiadalar Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Nərimanov rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunub. Qeyd edib ki, Bakının mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda dövlətin gənclər və idman siyasəti layiqincə həyata keçirilir. Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər.

Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVII spartakiadanın baş hakimin müavini Salman Əbdülov 2014-2015-ci tədris ili müddətində keçirilmiş Bakı şəhər məktəbliləri arasında XXVII spartakiadanın yekunları ilə bağlı çıxış edib. Bildirilib ki, spartakiadanın proqramına daxil olan dama, şahmat, stolüstü tennis, voleybol, dördnövçülük, basketbol, mini-futbol, və güllə atıcılığı üzrə yarışlarda ümumi hesabda Nərimanov rayonu birinci yeri, Xətai rayonu ikinci yeri, Sabunçu rayonu isə üçüncü yeri tutub.

Sonda spartakiadanın qalibləri mükafatlandırılıb.

Həmin kateqoriyadan