Məktəblilərin Zəfər kuboku

Azərbaycan velosiped idmanı federasiyasının təşkilatçılığı, gənclər və idman və təhsil nazirliklərinin dəstəyi ilə respublika velotrekində 8 Noyabr – Zəfər günü münasibətilə Bakı şəhər məktəbliləri arasında velosiped idman növü üzrə Zəfər kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 12 rayonun hər birində 4 iştirakçı olmaqla 36 komandası mübarizə aparıb.

2007-2008-ci il təvəllüdlü şagirdlərdən ibarət olan komandalar estafet sistemi üzrə yarışıblar və ən yaxşı vaxt göstəricisi əsasında qaliblər müəyyənləşib. Bütün rəqiblərindən daha yaxşı çıxış edən Səbail rayonu 236 saylı məktəbin komandası fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Nərimanov rayonu 82 saylı məktəbin komandası 2-ci, Suraxanı rayonu 282 saylı məktəbin təmsilçiləri isə 3-cü yeri tutublar.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan velosiped idmanı federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov və Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov iştirak ediblər. Qalib komandalar medal, diplom, kubok, həmçinin sponsorlardan hədiyyələrlə təltif olunublar. Bundan başqa, 1-ci yeri tutan komandanın hər bir üzvünə velosiped də hədiyyə edilib.

Həmin kateqoriyadan