Milli Mətbuat Günü ilə bağlı velosiped yarışında xoşagəlməzliklər: “Space” TV-nin əməkdaşı reanimasiyaya düşdü, 3 jurnalist xəsarət aldı

22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası KİV nümayəndələri arasında velosiped yarışı keçiridi. Dünən 50-yə yaxın həmkarımın iştirak etdiyi yarış İsmayıllıda “İsma Bikes” zavodunun ərazisində baş tutdu. Öncə media mənsubları 5 nəfərlik qruplarla zavod ətrafındakı 1,5 km-lik marşrut boyunca dövrə vurdular və yekunda ən yaxşı nəticə göstərən 10 iştirakçı yarımfinala vəsiqə qazandı. Ardınca, eyni qayda ilə finalçılar müəyyənləşdi. Həlledici yürüşdə 5 nəfər mübarizə apardı. Finiş xəttəni hamıdan tez xeberle.com saytının əməkdaşı Kamran Mustafayev keçdi. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq, “Space” və “CBC” telekanallarının nümayəndələri Fuad Atakişiyev (ötənilki çempion) və Feyruz Rəhimov tutdular.

Qalib və mükafatçılara Azərbaycan Velosiped İdmanı Federasiyası, İsmayıllı rayon İcra Hakimiyyəti və “Coca-Cola” şirkətinin hədiyyələri təqdim edildi. Bundan başqa, çempion İsmayıllı velosiped zavodunun istehsalı olan “İSMA” velosipedinə yiyələndi. Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edən AzVİF-nin baş katibi Fərhad Əliyev ənənəvi hal alan yarışın qarşıdakı illərdə də təşkil ediləcəyini dedi.

Çox təəssüf, ötən tədbirlərdən fərqli, bu dəfə xoşagəlməz hadisələr yaşandı. Bunu qabartmayacaqdım. Gözləyirim ki, AzVİF özü bu barədə bigi versin. Amma federasiyanın heç nə olmamış kimi bunun üstündən keçməsi, bir KİV nümayəndəsi olaraq mənə təsir etdi. Yəni, jurnalist həyatı AzVİF-in icraçılarına bu qədər dəyərsizdirmi?
Yarış peşəkar qaydalar əsasında keçirildiyindən, üstəlik, İsmayıllıda hava çox isti və bürkülü olduğundan, media mənsubları yükə tab gətirmədilər. Nəticədə, qəzalar qaçılmaz oldu: Bizimyol.info saytının, «Lider» TV-nin və AMEA-nın mətbuat xidmətinin əməkdaşları yıxılaraq, əl və diz nayihələrindən xəsarət aldılar. Report.az-ın əməkdaşı Tural İbadlı öz «facebook» səhifəsində bildirdiyinə görə, adı ilk çəkilən həmkarım – Ramid İbrahimov ciddi yaralandığı üçün, Bakının 1 saylı xəstəxanasında (keçmiş Semaşko) dizindən əməliyyata hazırlaşıb.

Ən acınaqlısı, “Space” TV-nin bölgə müxbiri Rəşad Rəşidovun reanimasiyaya düşməsidir. Yarışdan sonra özündən gedən televiziya əməkdaşına həkim müdaxilə etdi. O, iynədən sonra özünə gəlsə də, yenidən oturduğu skamyadan yerə yıxılaraq ölümcül hala düşdü. Bütün bunlar gözümün qarşısında baş verdi. Məsələnin ciddiliyini görən yerli həkim onu xusüsi spirtlə ayıltdı və tədbir üçün gətirilən təcili tibbi maşını yardıma çağırdı. Həmkarlarımla birgə onu xərəyə qoyduq. Rayon xəstəxanasından ordakılara bildiriblər ki, Rəşad özünə gəlsə də, nitqi tutulub. Allsport.az saytı dəfələrlə bəyan edib ki, belə velosiped yarışı jurnalistlərlər üçün təhlükəlidir. Çünki onlar peşəkar deyillər. Bu fikri idman mütəxəssisləri də dəstəkləyiblər. Üstəlik, yarışın yay vaxtında, günorta vaxtlarında keçirilməsi qeyri-məqbuldur. Həkimlərin qənaəti belədir.

Digər narazılıq, nəticə ilə bağlı oldu. Ehtimala əsasən, yarışda «lipa» oldu. Həmkarlarımın sözünə görə, qalib – xeberle.com saytının əməkdaşı peşəkar velosipedçidir. Onun media vəsiqəsi olsa da, bu hələ fakt deyil. Çünki özüm daxil, digər jurnalistlər fotoqraf kimi qeydiyyatdan keçən Kamran Mustafayevi tədbirlərdə görməməsidir. Düzdür, mən də keçmiş idmançı, şahmatçı və cüdoçu olmuşam və KİV nümayəndələri arasında bu növ üzrə keçirilən tədbirlərdə dəfələrlə iştirak etmişəm. Amma Kamran Hacının uzun müddət idman mətbuatında olması camiyədə hər kəsə bəllidir. Belə həmkarlarım kifayət qədərdir, lakin məlumdur ki, onlar uzun müddət bu sahədə can qoyublar və burada hansısa saxtakarlıqdan söhbət gedə bilməz.

Bildiyimə görə, yarışdan sonra İsmayıllı Olimpiya İdman Kompleksininin yeməkxanasında nahar heç də hamını razı salmadı. Təbii relyeydən irəli gələn həndir-hamar yol iri avtobusumuzu nehrə kimi yırğalayırdı. Belədə, spirtli içki üzündən yolda bir həmkarım qaytardı, mənzil başına çatanacan ön hissədən pis qoxudan güclə dayanmaq oldu. İsmayıllıya bayram ovqatı ilə getmişdim, amma peşman, təəssüflə qayıtdım. Ümid edim ki, yazdığımdan AzVİF-nin icraçıları nəticə çıxaracaq, bir də jurnalistlərin həyatı ilə oynamayacaqlar.

Həmin kateqoriyadan