Nigar Arpadarai: Azərbaycan qran-prisinə çox sayda yerli KİV-in qeydiyyatdan keçməsini arzulayıram

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il 23-25 iyunda paytaxtda baş tutacaq formula-1  üzrə Azərbaycan mükafat yarışı üçün yerli KİV-in qeydiyyatını davam etdirir. Allsport.az saytı xəbər verir ki, əməliyyat şirkətinin vasitəçiliyi ilə aparılan bu proses aprelin 5-i, saat 17:00-da başa çatacaq. BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə qeydiyyatdan keçməyə çağırır:

“Ötən il böyük uğurla Bakıda reallaşdırdığımız ilk formula-1 qran-prisi zamanı yarışı izləyən jurnalistləri Beynəlxalq Avtomobil Federasiyasının müvafiq standartlarına uyğun iş şəraiti ilə təmin etmişdik. Həm xarici, həm də yerli jurnalistlər onlar üçün yaradılmış şəraitdən olduqca məmnun qalmışdılar.

Bu il Azərbaycan qran-prisində daha yaxşı şəraiti təmin etmək üçün gərəkli hazırlıqlara indidən başlamışıq və çalışırıq ki, maksimum sayda yerli media nümayəndəsi qeydiyyatdan keçsin və Bakıda baş tutacaq növbəti Formula 1 yarışını yerində canlı izləyərək bu yarışı yüksək səviyyədə işıqlandıra bilsin.

Əməliyyat şirkəti olaraq bütün yerli jurnalistlərə bir daha müraciət edirik ki, sayılı günlərin qaldığını nəzərə alaraq qeydiyyatdan keçməyə tələssinlər və onlar üçün təqdim olunan bu əvəzolunmaz fürsəti əldən verməsinlər”.

Qeyd edək ki, akkreditədən uğurla keçən jurnalistlər pilotlarla yanaşı komandaların texniki heyətləri ilə görüşmək və onlardan müsahibə almaq imkanına sahib olacaqlar. Eyni zamanda, jurnalistlər yarış həftəsonu ərzində keçirilən bütün mətbuat konfranslarında da iştirak edərək öz suallarını əlaqədar şəxslərə birbaşa ünvanlaya biləcəklər. Bundan əlavə, akkreditasiya sahiblərini dünya ulduzlarının iştirakı ilə baş tutacaq əyləncəvi konsert proqramları da gözləyir.

Həmin kateqoriyadan