Ölkə birinciliyinin rəsmi açılışı

Kamandan oxatma üzrə gənclərin ölkə birinciliyinin rəsmi açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbirin rəsmi hissəsində gənclər və idman nazirliyinin olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov çıxış edərək yarış iştirakçılarını salamlayıb.

O, ölkədə bədən tərbiyəsi və idmanın inkişafı, idmanın kütləviliyinin təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarını diqqətə çatdırıb.

Birinciliyin ilk günündə U15, U18 və U21 yaş kateqoriyaları üzrə ümumilikdə 49 oxatan atış xəttinə çıxıb. İdmançılar 40, 60 və 70 metr məsafələrdən iki sessiya ərzində ümumilikdə 72 ox (hər sessiyada 36 ox) ataraq kvalifikasiya normalarını yerinə yetiriblər. Keçirilən gərgin mübarizənin yekun nəticələrinə əsasən, növbəti mərhələlərin iştirakçı heyəti müəyyənləşib.

​Növbəti gün 1/8, 1/4, 1/2 yarımfinal və final mərhələlərinin qarşılaşmaları keçiriləcək. Qaliblər müvafiq diplom, medal və hədiyyələrlə təltif olunacaqlar.

Həmin kateqoriyadan