Olqa İsmayılova: Azərbaycanın olimpiadaya vəsiqə qazanması üçün bütün səylər edildi

Rio-2016-da veloyürüşlərin keyrin və sprint növlərində Azərbaycanı Olqa İsmayılova təmsil edəcək. Allsport.az saytı xəbər verir ki, bu qoşaçarxçının iştirak etdiyi yarışlara lisenziya uğrunda mübarizə 2 il çəkib. Olqa İsmayılova uğuru barədə belə deyib:

“Dünya və Avropa çempionatlarını, dünya kuboku yarışını adlamaq lazım idi. Nəticədə bu lisenziyanı qazana bildim. Bu, çox çətin idi. Velosiped bahalı idman növüdür, çünki yeni texnologiyalar meydana çıxır. Hər il inventar yenilənir. Azərbaycanın olimpiadaya vəsiqə qazanması üçün bütün səylər edildi”.

İdmançının fikrincə, olimpiya oyunlarında Azərbaycanı təmsil etmək onun üçün böyük şərəf və məsuliyyətdir. O. İsmayılova intensiv məşq edir və Rioda yaxşı nəticələr göstərmək üçün çox çalışacağını deyir.

2012-ci ildə London Olimpiadasında Belarusu təmsil edən velosipedçi dünya və Avropa çempionudur. Riodakı çıxışına qədər Olqa İsmayılova Polşada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bundan sonra o, Portuqaliyada təlim-məşq toplanışına yollanacaq.

Velosipedçi Rioya lisenziyanın qazanılmasının Azərbaycanda velosiped idmanının inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Həmin kateqoriyadan