- Baxış sayı: 36
- 18 İyul 2025 17:58
- Baxış sayı: 169
- İyul 20, 2025
- 0
Xəbər verdiyimiz kimi, Azərbaycan stolüstü tennis federasiyası Hindistanın “Stag Qlobal” şirkəti ilə 4-illik müqavilə bağlayıb. Qarşı tərəf millimizi geyim dəstləri və idman avadanlıqları təmin edəcək. Sözləşməyə federasiyanın baş katibi Könül Mikayilova və şirkətin rəhbəri Vivek Kohli imza atıblar. ASTF-nin vitse-prezidenti Elmar İslamın da iştirak etdiyi mərasimdə tərəflər səmərəli əməkdaşlıqla bağlı təkliflər səsləndiriblər, görüləcək işlərlə bağlı müzakirələr aparılıblar. Federasiya bunu bəh-bəhlə öz rəsmi səhifəsində və GİN-in “İdman KİV” qrupunda paylaşıb, özü də xəbərdə ölkəmizə qarşı daim qərəzli mövqedə olan bir ölkənin şirkətinin adını böyük hərflərlə yazaraq gözümüzə soxub.
Maraqlıdır, Pakistanı dəstəklədiyi üçün vətəndaşlarına Azərbaycana səfər etməyə qadağa qoyan, neftimizi almaqdan imtina edən, Ermənistana silah satan bir dövlətin təmsilçisi ilə sövdələşməyə ASTF-ni nə vadar edib? Araşdırma zamanı müəyyən bilgiyə nail olmuşuq. Birincisi, “Stag Qlobal” öz məhsullarını daha münasib qiymətə təklif etdiyindən, federasiya məlum durumda belə, buna “yox” deməyib. Ticarətin yazılmayan qanunları var və o xəyanəti sevir. Bunu məşhur “Xaç atası” filmində görmüşük. Belə çıxır, sabah hansısa adla icraçılar uyğun rəqəmə Ermənistan kompaniyaları ilə də müqavilə bağlayacaqlar?
İkincisi, ASTF bununla bağlı aidiyyatı qurumlara məlumat verməyib. Baxmayaraq ki, federasiya rəsmisi allsport.az saytına hər şeyin qaydasında olduğunu demişdi. Sözü gedən idman növü baş nazirinin müavini Şahin Mustafayevə təhkim olunub. Təcrübə göstərir ki, bu cür müqavilələrdən federasiya rəhbərinin xəbəri olmur. Onu adətən təsərrüfat işlərinə baxan şəxs baş katiblə razılaşdırıb həll edir. Şirkətlər belə məsələlərdə gəlirdən qarşı tərəfə faiz də ödəyirlər.
Hindistan hökuməti bir müddətdir Azərbaycana səfər etməməyi və bizim malları almamağa çağırıb. Hind bloqçular isə “X” şəbəkəsində “Boycott Azerbaijan” təbliğatına başlamışdılar. Artıq proses öz nəticəsini göstərib. Paytaxta səfər edən hindistanlı qonaqların sayında kəskin azalma müşahidə olunur. Onlar adətən cəm halında mərkəzi ərazilərə axın edirdilər. Ötən il Odlar yurduna təşrif buyuran turistlərin ən yüksək faiz dərəcəsi Rusiya payına düşüb. Sonrakı yerləri qardaş Türkiyə və Hindistan tutub.
Azərbaycanda stolüstü tennisin uğurları sovetlər dönəminə düşür. Sumqayıtlı Valentina Popova 9-qat Avropa çempionu olub, 1 dəfə gümüş və 7 dəfə bürünc medal qazanıb. O, 11 dəfə SSRİ çempionatında ən yüksək nəticə göstərib. SSRİ yığmasının tərkibində 3 dəfə dünya çempionatında 3-cü yer tutub. Respublikamız adına Seul-1998 və Barselona-1992 olimpiadalarının iştirakçısıdır. Sovetlərdən sonra bizdə bu idman növü xeyli zəifləyib. ASTF bir müddət çinli idmançıları “milliləşdirərək” asan uğura yetişməyə cəhd etsə də, alınmayıb. Nəticə olmadığı üçün federasiyaya mətbuat tərəfindən diqqət və aidiyyatı qurumlar tərəfindən nəzarət nisbətən az olub. O üzdən icraçılar durumdan lazımınca yararlanıblar.
Sön dövrdə oğlanlarda Onur Quluzadə və qızlarda Yağmur Məmmədli beynəlxalq yarışlarda uğurları ilə ümidlənməyə əsas yaradıblar. Onlar qitədə istedadlı idmançılardan sayılırlar. İdmançılarımızın yaxın gələcəkdə nüfuzlu arenalarda yüksək nəticə göstərmələrini zaman və hazırlanan proqram göstərəcək.