Qoşaçarx yığmalarımız Türkiyə toplanışında

Şose velosipedi üzrə уlit, U-23 və gənclərdən ibarət yığmalarımız gənclər və idman nazirliyinin dəstəyi ilə təlim-məşq üçün Türkiyənin Alanya bölgəsinə yola düşüb. Allsport.az saytının məlumatına görə, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi ilə fevralın 5-dək davam edəcək hazırlıqda 10 idmançımız iştirak edəcək.

Toplanışının ardınca komanda üzvlərimiz fevralın 6-dan 22-dək Alanya və Antalya bölgələrində təşkil ediləcək müxtəlif kateqoriyalı beynəlxalq yarışlarda iştirak edəcəklər. Ölkəmizin Elit yığma komandasının üzvü, Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov da Türkiyənin “Salcano Sakarya” kontinental klubunun heyətində Alanyada hazırlığa qatılıb.

Vahid idman təqvim planına əsasən, 2021-ci ildə yığma komanda üzvlərimiz Tokio yay olimpiya oyunları, Türkiyənin Konya şəhərində keçiriləcək İslam həmrəyliyi oyunları, dünya və Avropa çempionatları, həmçinin Beynəlxalq velosipedçilər ittifaqının (UCI) bayrağı altında keçiriləcək xeyli nüfuzlu beynəlxalq yarışlarda iştirak etməlidirlər.

Həmin kateqoriyadan