Qoşaçarxçıların yeni yarış mövsümü başlayıb

Azərbaycan Velosiped İdmanı Federasiyası yeni mövsümə start verib. Allsport.az saytı xəbər verir ki, qış hazırlığını başa vuran qoşaçarxçılar ilin ilk yarışında iştirak ediblər. Bakı olimpiya stadionunun ətrafında baş tutan yarışda klub və cəmiyyətlərin ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparıb. Startdan öncə yeni mövsümün açılışı ilə əlaqədar Azərbaycanın dövlət himni səsləndirilib. Üç yaş qrupu üzrə təşkil olunan yarış Handikap sistemi üzrə keçirilib.

Qızlar arasında 30 kilometr məsafəyə yarışda 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçiləri ilk üçlükdə qərarlaşıblar – Validə Cabbarova və Ayan Xankişiyeva finiş xəttini 1 saat 4 dəqiqə 35 saniyəyə keçsələr də, fotofinişə əsasən Validə 1-ci, Ayan 2-ci olub. Onlardan 2 saniyə geri qalan Elfanə Camalova isə 3-cü yeri tutub.

On yeddi yaşadək oğlanlar da 30 kilometr məsafəyə mübarizə aparıblar və bu kateqoriyada 1-ci yerə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Nikita Sıtov sahib olub. 8 saylı İdman Olimpiya Məktəbinin üzvləri Emil Əliyev və Əhməd Əhmədov isə qalibə 12 saniyə uduzmaqla 2-3-cü yerləri bölüşüblər.

Gənclər kateqoriyasında “Lokomotiv” klubunun nümayəndəsi Mahmud Məmmədov 60 kilometr məsafəni 1 saat, 37 dəqiqə, 55 saniyəyə başa vurmaqla çempion olub. Ondan müvafiq olaraq 3 dəqiqə 40 saniyə və 3 dəqiqə 41 saniyə geri qalan Musa Mikayılzadə (BCP/Lokomotiv) və Mikayıl Səfərli (8 saylı Olimpiya İdman Məktəbi) isə 2-ci və 3-cü olublar.

Həmin kateqoriyadan