Qrup ötüşməsində fərqlənənlər

İsmayıllıda şose velosipedi üzrə Azərbaycan çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə 5 yaş kateqoriyası üzrə qrup ötüşməsinin qalibləri müəyyənləşib.

15 yaşadək qızların 30 km məsafəyə mübarizəsi 7 saylı Olimpiya Ehtiyatları Məktəbinin üzvü Ayan Məmmədzadənin qələbəsilə yekunlaşıb. Bu yaş kateqoriyasında eyni məsafəyə yarışan oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ravi Rzayev finiş xəttini birinci keçib.

U17 yaş kateqoriyasında çıxış edən velosipedçilər 50 km məsafə qət ediblər və qələbəni Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova ilə Hüseyn Nərimanov bayram ediblər.

Gənc qızların 50 km məsafəyə qrup ötüşməsində ROVM-ın idmançısı Viktoriya Sidorenko çempionluq sevinci yaşayıb. Sonuncu yarış günündə gənc oğlanlar, həmçinin kişilər və qadınlar arasında qrup ötüşməsi üzrə ölkə çempionları müəyyənləşəcək. Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri BVİ-nə göndəriləcək və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.

Həmin kateqoriyadan