Ramin Əzizovdan test nümunəsinin karyerasını bitirdikdən sonra götürülməsi həqiqət deyil

“Taekvondoçu Ramin Əzizovdan test nümunəsinin guya karyerasını bitirdikdən sonra götürülməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir. Yığma üzvündən ötən ilin 28 dekabrında ölkə çempionatı zamanı nümunə toplanmışdır”. Bunu AMADA-dan allsport.az saytına bildiriblər. Agentlik bəyan edib ki, həmin nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu (S8. Kannabinoidlər/Carboxy-THC) aşkarlanıb. Laborator müayinənin nəticəsi məlum olduqdan dərhal sonra yarış zamanı aşkarlanan qayda pozuntusu barədə 12 fevral 2020-ci il tarixində idmançı və müvafiq instansiyalar rəsmi məlumatlandırılıb.

Azərbaycan çempionatında iştirak edən idmançılar adətən növbəti il üçün milliyə qatılmaq məqsədi ilə çıxış edirlər. Həmçinin, 28 dekabr 2019-cu ildə keçirilən dopinq nəzarətindən sonra da Ramin Əzizov bu ilin fevral ayında beynəlxalq yarışda iştirak edib, hətta nəticə göstərib – 3-cü yer.

Antidopinq qaydalarına əsasən araşıdırılmalar aparılmış və nəticədə sözü gedən dayanq ustasına 2 illik diskvalifikasiya sanksiyasının tətbiq edilməsi ilə bağlı təklif edilmiş və o, bununla razılaşaraq sanksiyanın qəbul edilməsi formasını imzalamışdır. Bunun nəticəsində 6 iyul 2020-ci il tarixində AMADA tərəfindən idmançı Ramin Əzizov barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı qəbul edilib. Qəbul edilmiş qərar həm idmançıya, həm də müvafiq instansiyalara göndərilmişdir.

Qeyd edək ki, bütün hüquqi prosedurlar tamamlandıqdan sonra 13 avqust 2020-ci il tarixində idmançının barəsində 24 ay (iki il) müddətinə idmandan uzaqlaşdırılma qərarı açıqlanıb. İdmançının sanksiya müddəti 25 fevral 2020-ci il tarixində başlayıb və 25 fevral 2022-ci il tarixində bitəcək.

Onun barəsində idmandan uzaqlaşdırılma qərarının verilməsi sonradan idmanı tərk etməsi ilə heç bir halda hüquqi ziddiyyət yaratmır. Antidopinq qaydalarına əsasən AMADA tərəfindən nəticələrin emalı prosesi davam edərkən, idmançı yaxud digər şəxs idmanı tərk edərsə, AMADA nəticələrin emalını başa çatdırır.

Bununla bağlı, əgər idmançı yenidən idmana qayıtmaqla bağlı qərar versə, idmanla məşğul olmaq üçün sanksiya müddətinin bitməsini gözləməli və idmana qayıtmazdan 6 ay öncə AMADA-nı məlumatlandırmalıdır.

Qeyd edək ki, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan respublikasının qanununa əsasən qəbul edilmiş qərarların icrası müvafiq respublika idman federasiyaları tərəfindən təmin edilir.

Həmin kateqoriyadan