“Red Bull pəhləvan” İçərişəhərdə

“Red Bull pəhləvan” İçərişəhərdə

İyulun 26-da Bakının tarixi mərkəzi olan İçərişəhərdə ilk dəfə “Red Bull pəhləvan” yarışı keçiriləcək. Allsport.az xəbər verir ki, tədbir, qədim bahadırlıq anlayışını müasir idman qaydasında təqdim edəcək.

YUNESKO-nun dünya irs siyahısına daxil edilmiş İçərişəhərin küçələri funksional idman marşrutuna çevriləcək. İştirakçılar müxtəlif fiziki maneələri dəf edərək həm rəqibləri, həm də öz imkanları ilə mübarizə aparacaqlar.

Yarışın əsas məqsədi qalibi müəyyənləşdirməkdən daha çox, əsrlərdən gələn pəhləvanlıq ruhunu müasir nəslə çatdırmaq, güc, dözümlülük və mübarizə əzmini nümayiş etdirməkdir.

Tədbiri fərqləndirən əsas məqamlardan biri onun keçirildiyi məkandır. Tarixi qala divarları və daş döşənmiş küçələr bu dəfə idman mübarizəsinin bir hissəsinə çevriləcək, tarixlə müasirlik eyni məkanda qovuşacaq.

Yarış tamaşaçılar üçün də fərqli təcrübə vəd edir. Marşrut boyunca xüsusi izləmə zonaları yaradılacaq və ziyarətçilər iştirakçıların bütün mərhələlərdəki mübarizəsini yaxından izləyə biləcəklər.

“Red Bull pəhləvan” yarışı saat 15:00-da İçərişəhər dövlət tarix-memarləq qoruğunda start götürəcək. Yarışa tamaşa etmək üçün giriş sərbəstdir.

Həmin kateqoriyadan