Səyyad gümüşlə kifayətlənib

Krakov-2023 Avropa oyunlarında taekvondo yarışlarına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk gün Azərbaycan millisi üçün uğurlu alınıb.

54 kq-da Səyyad Dadaşov 1/8 finalda Xalid Abdel Halimini (Almaniya) sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən taekvondoçumuz 1/4 finalda Lübomir Boqdanova (Bolqarıstan) da eyni hesabla qalib gəlib. O, yarımfinalda isveçli Ebrahim Marvan üzərində də hər iki raundda qələbə qazanıb. Avropa çempionu finalda ispaniyalı Hüqo Vaskes ilə döyüşüb və rəqib 2:1 hesabı ilə üstün olub. Nəticədə o, gümüş medalla kifayətlənib.

Minayə Əkbərovanın (46 kq) 1/8 finalda Sofiya Zampettiyə (İtaliya) məğlub olsa da, rəqibin irəliləməsi taekvondoçumuzun bürünc medal yolunu açıb. Həmyerlimiz təsəlliverici döyüşdə Avropa olimpiya komitələrinin bayrağı altında çıxış edən Dina Puryunesə 2:0 hesabı ilə qalib gələrək, üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, Kiriaki Kouttouki (Kipr) gücünü yoxlayıb və döyüşü rəqib aktivinə yazıb.

Patimat Abakarova (49 kq) isə 1/8 finalda Sufarada Kisskalta (Almaniya) 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur.

Həmin kateqoriyadan