“Sağlam gənclik” layihəsi Biləsuvardan başladı

Gənclər fondu və velosiped idmanı federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvarda “Sağlam gənclik” layihəsinə start verilib. Allsport.az saytı xəbər verir ki, məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Gənclərin veloyürüşü ilə başlayan layihədə 400-dən çox gənc iştirak edib. Biləsuvar rayonu gənclərin karyera və inkişaf mərkəzinin qarşısından start verilən yürüşdə velosipedçilər 10 km məsafə qət ediblər.

Tədbirdə gənclər fondunun və velosiped idmanı federasiyasının rəhbərliyi də iştirak edib. Çıxış edənlər velosiped idmanının sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar.

Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Yeniyetmə və gənclərə bu idman növünə aid texniki ləvazimatlar paylanılıb və Biləsuvar rayon gənclərin inkişaf və karyera mərkəzinə velosipedlər hədiyyə olunub.

Yaxın gələcəkdə isə bölgələrdə yerləşən bu mərkəzlərində veloklubların yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində Qazax, Şəmkir və digər bölgələrdə də analoji tədbirlər təşkil olunacaq.

Həmin kateqoriyadan