Şahin Atamov Yaponiya Premyer Liqasının gümüş medalına sahib çıxıb

2015-ci ilin beynəlxalq yarışlarında ilk medalımızı qazanan Azərbaycan milli komandasının kapitanı Şahin Atamov (+84 kq) ilin sonunu da medalla tamamlayan idmançımız oldu. Allsport.az saytı xəbər verir ki, o, Yaponiyada Premyer Liqanın gümüş medalına sahib olub. Finalda əslən azərbaycanlı olan İran milli komandasının favoritlərindən Səyad Gənczadə ilə (fərdi yarışlarda son dünya ikincisi və komanda yarışlarında çempion) görüşün əsas vaxtı heç-heçə bitsə də, beş hakimdən üçü qələbəni (xante il) rəqibə verib. Ş.Atamov Okinavada yarışqabağı bir çox tanınmış karateçilərlə birgə beynəlxalq təlim-məşqlərdə və seminarda da iştirak edib.

Bu medal Şahin Atamovun (şəxsi məşqçisi Şahin Xudaverdiyev, milli komandada məşqçisi Rəhman Hətəmov) 2015-ci il Premyer Liqalarında 3-cü gümüş mükafatıdır. Yanvarda Parisdə 2-ci yeri tutan Ş.Atamov, fevralda Hollandiyanın Almere şəhərində analoji turniri də eyni nəticə ilə başa vurub. Bundan başqa dünya reytinqində 5-ci olan karateçimiz Yaponiyada qzandığı gümüş medalla 3-cü pilləyə yüksəlib.

Okinavada Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından ilin son nüfuzlu yarışında 38 ölkədən 207 idmançı iştirak edib, turnirdə Azərbaycanı yalnız Şahin Atamov təmsil edib. Karateçilərimizin növbəti Premyer Liqa yarışı 2016-cı ilin yanvarında Parisdə olacaq. İdmançılarımızı 4-5 dekabr tarixlərində 23-cü Respublika çempionatı gözləyir.

Həmin kateqoriyadan