“Tour d’Azerbaidjan-2017”nin 4-cü günündə Kiril Pozdnyakovdan 2 öncül köynək

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 4-cü mərhələsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2.1 kateqoriyalı yarışın 164 kilometrlik bu mərhələsində iştirakçılar saat 09:30-da Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürərək İsmayıllı-Ağsu-Şamaxı marşrutu üzrə hərəkət ediblər. Yürüş iştirakçıları Vergilər Nazirliyinin Pirquludakı Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.

Əvvəlki illərdən fərqli olaraq, marşruta Ağsu dolaylarının da əlavə edilməsi mübarizəyə əlavə rəng qatıb. Veloturun ən çətin dağ mərhələsinin qalibi isə ABŞ-ın “İlluminate” komandasının təmsilçisi Edvin Avila olub: 4 saat 2 dəqiqə 1 saniyə. Rusiyanın “Gazprom-Rusvelo” və İtaliyanın “Wilier Triestina” klublarının nümayəndələri İldar Arslanov və Aleks Turrin finişi qalibdən müvafiq olaraq, 2 və 5 saniyə sonra keçərək ikinci, üçüncü yerləri tutublar.

Üç mərhələdən sonra ümumi təsnifat cədvəlinə başçılıq edən Elit yığmamızın üzvü Kiril Pozdnyakov bu dəfə yeddinci olmaqla liderliyi qoruyub və mavi rəngli “Synergy” köynəyini özündə saxlayıb. Hazırda velosipedçimiz ən yaxın izləyicisi, Avstriyanın “Amplatz-BMC” komandasının üzvü Herman Pernştayneri 46 saniyə qabaqlayır. Bundan başqa, təmsilçimiz dağ yollarındakı uğurlu çıxışı ilə ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyinə də yiyələnib.

Aralıq sprintlərində hamıdan çox xal toplayan mərhələ qalibi Edvin Avila ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə layiq görülüb. Fransanın “Delko Marseille Provance KTM” klubunun üzvü Con Anderson Rodriqes isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyi ilə mükafatlandırılıb.

Yürüş iştirakçılarını Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təltif ediblər.

Edvin Avila mərhələnin yekunu ilə bağlı danışarkən deyib: “Çox şadam ki, bu mərhələdə qalib gəldim. Son sprint zamanı yol üzüaşağı idi və üstəlik külək də vardı. Sürət yüksək olsa da, çətinliklə üzləşmədim. Yarışın sabah keçiriləcək sonuncu mərhələsini fiziki hazırlığıma və bədən quruluşuma görə əlverişli saya bilərəm. Buna görə də uğur qazanacağıma inanıram”.

Kiril Pozdnyakov isə yarış barədə fikirlərini bölüşərək deyib: “Komandamız dünən olduğu kimi, bu gün də qələbəm üçün əlindən gələni etdi. Velosiped idmanında əvvəlcədən heç nəyi planlaşdırmaq olmur. Ümid edirəm ki, sabah bəxtimiz gətirəcək və sevinən tərəf biz olacağıq. Ağsu aşırımı isə kifayət qədər maraqlı oldu, çünki oranın olduqca gözəl təbiəti var”.

Mayın 7-də veloturun sonuncu mərhələsi keçiriləcək. Start və finiş nöqtəsi Azadlıq meydanında olacaq. Bu mərhələdə iştirakçılar saat 10:30-da hərəkətə başlamaqla Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət edəcəklər. “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkədən 22 komandası mübarizə aparır.

Həmin kateqoriyadan