Əməkdar jurnalist Tofiq Gülməmmədov dünyasını dəyişib

Bu gün həmkarımız Tofiq Gülməmmədov vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, səhər saatlarında vəziyyəti pisləşərək yerləşdirilən “Neftçilər” xəstəxanasında dünyasını dəyişib.

Tofiq Ataxan oğlu Gülməmmədov 9 may 1960-ci ildə Naxçıvan şəhərində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1987-ci ildə həmin fakültəni bitirib. 1987-ci ildə təyinatla Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb.

1992-ci ildə Azərbaycan Televiziya və Radio Verlişləri Şirkətində rejissor vəzifəsinə, 1993-cü ildə “Hərbi Vətənpərvərlik və Səlnamə” redaksiyasının baş rejissoru, 1996-cı ildə idman redaksiyasının baş rejissoru vəzifəsinə təyin edilib və rejissor-reportyor funksiyasını yerinə yetirib.
2006-cı ildə Lənkəran TV-yə sədr təyin olunub.

Son dönəmdə “Neftçi İdman Klubu” ictimai birliyinin mətbuat xidmətinə rəhbərlik edirdi. 2010-cu il dekabrın 27-də Azərbaycan prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Ailəlidir, 1 övladı var.

Allah rəhmət eləsin!

Həmin kateqoriyadan