Avstraliya-2017: Sərbəst yürüşlər nə vəd etdi

Melburnda əla hava şəraiti hökm sürür. Allsport.az saytı xəbər verir ki, mövsümün ilk sessiyasına heç nə mane olmayıb. İşıqforun yaşıl işığının yanması ilə demək olar ki, bütün sürücülər trasa yollanıblar. Esteban Okon əyləclərdəki problemlərə, Stoffel Vandorn isə maye sızıntısına görə boksda qalmalı olublar, lakin hər iki sürücü problemlər aradan qaldırıldıqdan sonra məşqlərə başlaya biliblər.

“Red Bull”un pilotları sessiyanın əvvəlində ən yaxşı nəticə uğrunda “Mercedes”lə mübarizə apara biliblər. “Ferrari” isə daha sərt təkərlərlə yarış simulyasiyasına üstünlük verib. Sessiyanın ortasına doğru nəticələr keçənilki poul nəticəsinə yaxın olub. Ciddi qəza baş verməsə də, Daniel Rikkardo, Valtteri Bottas, Roman Qrojan və Markus Eriksson xırda səhvlərə yol veriblər. Colion Palmer texniki problemlərə görə sessiyanı vaxtından əvvəl başa vurub. Protokollara komanda yoldaşını yarım saniyəlik fərqlə üstələyən Lyuis Həmilton başçılıq edib – 1:24.220.

Sürücülər 2-ci sessiyada sazlanmalar üzərində işləyiblər, həm də müxtəlif tərkiblərin effektivliliyini qiymətləndiriblər. Hətta ən yumşaq tərkibli UltraSoft təkərlər də öz effektivliyini itirmədən böyük məsafə qət etməyə imkan verib. F-1.az xəbər verir ki, Fernando Alonso və Maks Ferstappen sessiyanın əvvəlində mexaniklər maşınlar üzərində işlədiyindən trasa çıxa bilməyiblər. Hər iki sürücü 20 dəqiqə itirib. Kevin Maqnussen beş dövrə vurduqdan sonra sızma aşkarlandığı üçün boksa gəlib. Uzun fasilədən sonra yenidən sükan arxasına keçib, lakin problem tam aradan qaldırılmadığı üçün maşını yenidən mexaniklərə təslim etməli olub.

Roman Qrojanın əyləc problemləri isə davam edib. Fransız sürücü bir neçə dəfə asfaltdan kənara çıxmalı olub. Sessiya 23-cü dəqiqədə qırmızı bayraqlarla saxlanılıb. Buna səbəb Colion Palmerin son döngədəki qəzası olub. Sürücü yaralanmayıb, maşının təxliyə edilməsi 9 dəqiqə çəkib. Bir qədər sonra isə Felipe Massa maşını təhlükəsiz zonada saxlayaraq kokpiti tərk edib. Buna səbəb ötürmələr qutusundakı problem olub. Ferstappen də problemlərə görə məşqləri erkən başa vurub.Sessiyanın sonuna beş dəqiqə qalmış Markus Eriksson altıncı döngədə idarəetməni itirib və çınqıllığa düşüb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib, maşın evaukasiya olunub.

Protokollara səhər olduğu kimi, bu dəfə də Lyuis Həmilton başçılıq edib – britaniyalının UltraSoft təkərlərlə göstərdiyi 1:23.620-lik nəticə Sebastyan Fettelin 2011-ci ildə trasın rekordunu müəyyənləşdirdiyi nəticəyə (1:23.529) cüzi fərqlə uduzub.

Melburnda şənbə günü maraqlı hadisələrlə başlayıb. Paskal Verlyayn fiziki hazırlığının yarışı başa vurmağa imkan verməyəcəyini əsas gətirərək Avstraliya Qran Prisini buraxacağını açıqlayıb. Onu üçüncü sərbəst yürüşlərdən etibarən Antonio Covinatsinin əvəz edəcəyi bildirilib. “Ferrari” sürücüləri həftəsonu ərzində ilk dəfə sıralanma rejimində işləyiblər və sessiyanın əvvəlindən liderliyi ələ alıblar. Sebastyan Fettel ən sürətli dövrəni vurub. Komanda yoldaşı Kimi Rəykkönen ona dərhal cavab vermək istəyib, lakin trasdakı qırıntı onun maşınının təkərini deşib və bu cəhdi uğursuz olub. Kimi bir müddətdən sonra trasa qayıdıb və liderliyə yüksəlib, lakin Sebastyan möhtəşəm dövrə vuraraq ən yaxşı nəticəni yenidən ələ keçirib, həm də trasın yeni rekordunu müəyyən edib.

“Mercedes” sürücüləri də UltraSoft-larla çıxış ediblər, lakin Fettelin tempinə çata bilməyiblər. Həm Valtteri Bottas, həm də Lyuis Həmilton ona demək olar ki, yarım saniyə uduzublar. Lyuis bir neçə səhvə yol verib, lakin sektorlar üzrə ən yaxşı nəticələrini topladıqda belə, Fetteldən xeyli ləng olduğunu görə bilərik. Bir dəst UltraSoft təkər itirən Kimi isə daha bir sürətli dövrəyə cəhd etməyib.

Beşinci yer uğrunda gərgin mübarizə gedib. Rikkardo uzun müddət bu yeri zəbt etsə də, yeni təkərlərlə yaxşı nəticə göstərən Hülkenberq onu qabaqlayıb. Sürücülər yeni UltraSoft təkərlərlə trasa qayıdaraq nəticələrini yaxşılaşdırmaq istəyiblər, lakin sessiya qırmızı bayraqlarla dayandırılıb. Ləns Stroll 10-cu döngənin çıxışında səhvə yol verib və maşını divara vurub. Lənsə heç nə olmayıb, lakin maşının sağ tərəfi xeyli zədələnib. Sessiyanın sonuna bir neçə dəqiqə qaldığından yenidən davam etdirilməyib.

Həmin kateqoriyadan