Azərbaycan qran-prisinə könüllülərin qeydiyyatına start verilib

Bakı şəhər halqası əməliyyat şirkəti yeni Formula-1 mövsümü üçün könüllülərin qeydiyyatına start verib. Allsport.az saytı xəbər verir ki, iyunun 10-12-də yarışın “Könüllülər proqramı”na müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini mükəmməl bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb edilib. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilərlər.

Proqrama tələb hər il artdığından və yerlər məhdud olduğundan seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, tamaşaçı xidmətləri, media, şəhər, marşal klubu, inzibati, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

BŞH bir qayda olaraq, könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı, onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Belə ki, bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Burada əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı, onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir.

Həmin kateqoriyadan