Bakı şəhər halqasında tikinti işlərinə start verilib

Bakı şəhər halqası əməliyyat şirkəti ölkəmizdə Formula-1 Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib. Allsport.az saytı xəbər verir ki, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsziliyini təmin etmək məqsədi ilə istifadə olunan beton bloklarların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək. Ötən ildən fərqli olaraq builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb. Bu gündən etibarən düşərgə (paddok) ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilir. Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmaları xahiş olunur. Bakı şəhər halqası əməliyyat şirkəti vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

Həmin kateqoriyadan